Zelenski: Müharibə, çox güman ki, qış aylarında da  davam edəcək

Zelenski: Müharibə, çox güman ki, qış aylarında da  davam edəcək
Dünya 07 Sentyabr 2026 09:48

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, mövcud vəziyyət Rusiya-Ukrayna müharibəsinin qış başlamazdan əvvəl başa çatacağını deməyə əsas vermir. Onun sözlərinə görə, müharibə böyük ehtimalla qış aylarında da davam edəcək.

Sitat.info xəbər verir ki, Zelenski bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Kiyevə səfəri zamanı keçirilən birgə mətbuat konfransında deyib.

Ukrayna lideri bildirib ki, ABŞ və Avropa ilə yaxın zamanda yeni görüşün keçirilməsi barədə razılıq əldə olunub. Görüşün Avropada, ABŞ-da və ya yenidən Ukraynada keçiriləcəyi hələ dəqiqləşməyib.

Zelenskinin sözlərinə görə, Moskva və Kiyevdə keçirilən son görüşlər danışıqlar prosesinin faktiki olaraq yenidən başlamasına imkan yaradıb. O, ən mühüm həll olunmamış məsələnin ərazi məsələsi olduğunu və bu kimi problemlərin yalnız dövlət başçıları səviyyəsində həll edilə biləcəyini vurğulayıb.

Tərəflər həmçinin müharibədən sonra Ukraynaya veriləcək təhlükəsizlik və iqtisadi təminatları müzakirə ediblər. Zelenski bildirib ki, Ukraynanın təhlükəsizliyinin əsasını güclü ordu təşkil etməli, veriləcək təminatlar isə gələcəkdə Rusiyanın yeni hücum ehtimalını aradan qaldırmalıdır.

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff həm Moskva, həm də Kiyevdə keçirilən görüşlərdən məmnun olduğunu bildirib.

Cared Kuşner isə ABŞ-ın Ukrayna və Rusiya ilə üçtərəfli danışıqlar formatına qayıtmaq istədiyini açıqlayıb. Onun sözlərinə görə, bu format uzunmüddətli sülh danışıqlarında növbəti addım ola bilər.

Zelenski, həmçinin Ukraynanın qarşıdakı dövrdə əsas çətinliklərinin ağır qış şəraiti, ordunun və müdafiə sənayesinin maliyyələşdirilməsi olacağını bildirib.

Aytac,

Sitat.info