120 min manatlıq təmir mübahisəsi — Vəkildən Ali Məhkəməyə müraciət 

120 min manatlıq təmir mübahisəsi — Vəkildən Ali Məhkəməyə müraciət 
HADİSƏ 04 Sentyabr 2026 21:25

Bakı şəhəri 32 saylı vəkil bürosunun vəkili Heydərov Çingiz Məmmədxan oğlu Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edib.

Sitat.info müraciəti olduğu kimi təqdim edir:
 

                                                                Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
Cənab İnam Kərimova
Bakı şəhəri 32 saylı vəkil bürosunun vəkili
Heydərov Çingiz Məmmədxan oğlu tərəfindən


MÜRACİƏT

Hörmətli sədr!

Sizə mətbuat üzərindən ünvanladığım əlavə kassasiya şikayəti və Ali Məhkəmənin icarə münasibətlərinə dair hüquqi mövqeyinə dair sənədin müqaisəli təhlil edilərək şəxsən tərəfinizdən öyrənilməsi və Ali Məhkəmənin Pleniumunun sədri və eyni zamanda Məhkəmə Hüquq şurasının sədri kimi münasibət bildirməyinizi arzu edirəm.

Əvvəla qeyd edim ki, Ali Məhkəmənin 11.06.2026-cı il tarixli, 2-2(1-8)-200/2026 saylı qərarından vermiş olduğumuz “əlavə kassasiya şikayəti”dən bəhs edirik.

Əlavə kassasiya və kassasiya şikayətlərində işin faktiki halları və hüquqi əsasları geniş şəkildə qeyd edilib. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası 24.12.2025-ci il tarixli, 2-2(103)-920/2025 saylı qətnaməsi ilə (qətnamə qanuni qüvvəyə mindiyi üçün başqa fikirlər qeyd etmirik) (sədrlik edən: Təranə Mahmudova) Bakı Kommersiya
Məhkəməsinin 23.06.2025 tarixli, e-2-2(113)-324/2025 saylı qətnaməsini tamamilə ləğv edib iddiaçının iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul etmişdir.
Bu qətnamədən vermiş olduğumuz kassasiya şikayətimiz təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Əslində bu müraciəti Sizə yazmağıma səbəb Ali Məhkəmənin Kommersiya Kollegiyasının icarə münasibətlərinə dair məlum hüquqi mövqeyi olmuşdur. Ali Məhkəmənin hüquqi mövqeyi ilə bizim mübahisə birbaşa əlaqədardır və biz ilk gündən bu hüquqi mövqedən çıxış etmişik. Maraqlıdır Ali Məhkəmə icarə münasibətlərinə dair öz mövqeyini açıqlayarkən təxminən eyni vaxtlarda qəbul etdiyi qərarları diqqətindənmi qaçırıb. Kassasiya şikayətimizdə eynilə hətta bir az da geniş şəkildə Ali Məhkəmənin hüquqi mövqeyində ifadə etdiklərini yazmışıq. Təəssüf ki, Ali Məhkəmədə işə baxılarkən bu barədə bir cümlə belə yazmayıb. Axı bu vahid məhkəmə təcrübəsidirsə onda bu təcrübə vahid təcrübə kimi tətbiq edilsin. Yoxsa mətbuatda yayılmaq xatirinə yox. Kassasiya və Əlavə Kassasiya şikayətlərimizə diqqət etsəniz nədən bəhs etdiyim aydın görünər.

Hesab edirəm ki, Ali məhkəmənin bu mövzuda hüquqi mövqeyi bizim işlə bağlı mübahisə üzrə qarşılıqlı şəkildə təhlil edilməklə öyrəniləcək və Ali Məhkəmənin bu hüquqi mövqeyi mübahisələndirilən qərarlara da şamil ediləcək.

Hörmətli Sədr!

Bir daha Sizlərdən xahiş edirik ki, diqqətinizə çatdırdığımız vacib məsələnin hüquq konteksində, Ali Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla əsaslı, hüquqi və ədalətli qərar qəbul edəsiz.

Zəruri qeyd: Diqqətinizə çatdırıram ki, mübahisə predmeti cavabdehin mülkiyyətində olan sahədə maşın yuyulması (moyka) üçün icarəyə yer götürülməsi və bu yerin təmirinə guya 120.000 (yüz iyirmi min) manat vəsait xərcləməsidir. Yəni bir moyka üçün kim bu qədər vəsait xərcləyər, heç bir müqavilə olmadan, smeta, çəkilən xərclər barədə sübut göstərmədən? Bu kimi qərarlar Apellyasiya və Ali Məhkəmədə çox rahatlıqla qəbul edilir və qüvvədə saxlanılır.

Hörmətlə;
Çingiz Heydərov
04 sentyabr 2026-cı il

 

                                                                 Azərbaycan Respublikası Ali Məhkəməsinin
sədri cənab İnam Kərimova


İddiaçı Kamil Alekberovun cavabdeh “Almet” ASC-yıə qarşı “icarə obyektinin yaxşılaşdırılmasına (təmirinə) çəkilmiş xərcin ödənilməsi iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 11.06.2026-cı il tarixli, 2-2(1-8)-200/2026 saylı qərarından iş üzrə cavabdeh “Almet” ASC-nin nümayəndəsi və vəkili Heydərov Çingiz Məmmədxan oğlu tərəfindən
Ünvan: Yasamal rayonu H.B.Zərdabi prospekti 89

                                   Əlavə kassasiya qaydasında ŞİKAYƏT
                        “AR MPM-nin 422, 423.1-ci maddələri qaydasında)

            Hörmətli cənab SƏDR!
            Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 11.06.2026-cı il tarixli, 2-2(1-8)-200/2026 saylı qərarı ilə (hakimlər Raqib Qurbanov (məruzəçi), BƏHMƏN Qəribov və Zəki Babayev)  iddiaçı Kamil Alekberovun cavabdeh “Almet” ASC-yıə qarşı “icarə obyektinin yaxşılaşdırılmasına (təmirinə) çəkilmiş xərcin ödənilməsi iddiasına dair mülki iş üzrə Bakı Kommersiya Məhkəməsinin iddianın rədd olunmasına dair 23 iyun 2025-ci il tarixli, e-2-2(113)-324/2025 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin qismən təmin olunub cavabdehdən icarə obyektinin yaxşılaşdırılmasına (təmirinə) çəkilmiş xərcin əvəzi qismində 82.621,02 manat pul vəsaitinin (ilkin tələb 120.000 manat) tutularaq iddiaçıya verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 24 dekabr 2025-ci il tarixli, 2-2(103)-920/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
            Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, kassasiya şikayətində kassator əsas etibarıilə apellyasiya məhkəməsinin sübutları düzgün qiymətləndirmədiyi, fotoşəkil və mütəxəssis rəyini mötəbər sübut kmi qəbul etdiyini icra hakimiyyətinin məktubuna lazımi hüquqi qiymət vermədiyini göstərmiş, lakin nəzərə almamışdır ki, həmin dəlillər öz mahiyyətinə görə işin faktiki hallarının müəyyən edilməsinə və sübutların qiymətləndirilməsinə yönəlmişdir.Halbuki sübutların araşdırılması, onların mötəbərliliyi və kifayətliliyi barədə nəticəyə gəlmək birinci və apellyasiya məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə sübutlara yenidən qiymət vermədən yalnız onların prosessual qanunvericiliyin tələblərinə uyğun qaydada qiymətləndirilib-qiymətləndirilmədiyini və maddui hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
            Kassasiya instansiyası məhkəmə kollegiyasının bu mövqeyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edirik.
AR MPM-nin 416.1-ci maddəsində təsbit olunur ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Bununla əlaqədar olaraq qeyd etməyi zəruri hesab edirik ki, AR MPM-nin 407.1.4-cü maddəsində nəzərədə tutulur ki, kassasiya şikayətində eləcə də şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir.
Biz apellyasiya məhkəmə instansiyası tərfindən işə mahiyyəti üzrə baxmağa tam hüquqlu məhkəmə kimi qüvvədə olan prosessual hüquq normalarının düzgün tətbiq edilmədən, təqdim olunmuş sübutları düzgün qiymətləndirilmədiyini və bu baxımdan iş üzrə düzgün hüquqi nəticəyə gəlinmədiyini qeyd etsək də, kassasiya instansiyası məhkəmə kollegiyası qanunun hərfi mənzsını rəhbər tutaraq MPM-nin 407.2-ci maddəsinə və 416.1-ci maddəsinə istinad edərək qeyd edir ki, həmin maddələrin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunananəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
Bu mövqe ilə bağlı həmçinin qeyd edilməlidir ki, zənnimizcə MPM-nin 416.1-ci maddəsini hərfi mənada qəbul etmək yolverilməzdir. Belə ki, həmin maddə formaca iki hissədən ibarətdir:
1-ci kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır, yəni şikayətçinin əsasən narazılığının nədən ibarət olmasını, narazı qaldığı məsələnin nədən ibarət olmasını yoxlayır və bu yoxlama təbii ki, işin materialları (toplanmış sübutlar) əsasında həyata keçirilir. Başqa sözlə yoxlama söz əsasında deyil, sənəd-sübut əsasında həyata keçirilməlidir.
2-ci hissə, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Bu baxımdan sual yaranır, əgər yoxlama zamanı kassasiya instansiyası məhkəməsi müəyyən etsə ki, apellyasiya instansiyası məhkəməsi hansısa sübutu düzgün qiymətləndirməyib (yəni açıq-aşkar ağa qara deyib) onda buna nə ad qoymalıdır? Deməlidir ki, mənlik deyil, qanun mənə icazə vermir? Axi bu absurddur.
Zənnimizcə, kassasiya instansiyası məhkəmə kollegiyası AR MPM-nin 416.1-ci maddəsinə əsasən kassasya şikayətinə baxarkən və onda irəli sürülən dəlilləri yoxlayarkən hər bir halda iş materiallarında olan sənədlərdən və sübutlardan istifadə etməli və gəlinmiş nəticənin həmin sənəd və sübutlara uyğun olub-olmamsına qarşılıqlı hüquqi qiymət verməlidir və yalnız bundan sonra iş üzrə nəticəyə gəlməlidir.
Bu konteksdə məhkəmə kollegiyasının özünün də qeyd etdiyi kimi Kostitusiya Məhkəməsi Plenumunun 2012-ci il 28 fevral tarixli  qərarında qeyd etdiyi kimi “məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir.”Fikir verilərsə, görünür ki, bu ifadənin məğzində “mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmışsa” cümləsi işlənmişdir. Qüvvədə olan prosessual normaların tələbinə görə də təqdim olunmuş sübutlara işin digər materialları ilə birlikdə qiymət verilməlidir (Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir MPM-nin 88-ci maddəsi). Sual olunur, əgər işə mahiyyəti üzrə baxan məhkəmə bu qaydaya əməl etməmişdirsə, kassasiya instansiyası məhkəməsinin hərəkəti nə olacaq? Yenə deyəcək ki, kassasiya instansiyası məhkəməsi sübutları qiymətləndirmir. Əslində deyilmir ki, sübutları qiymətləndir. Sadəcə olaraq deyilir ki, sübubutlara düzgün hüquqi qiymət verilməmişdir.
Hazırkı işdə yalnız bir sübut var. O da tərəflər arasında bağlanmış 01.11.2022-ci il tarixli, 05 nömrəli icarə müqaviləsidir.
Həmin müqavilədə qeyd edilir: 1.5.1-ci bənd əmlak icarəyə təmirsiz verilir və iddiaçı icarə obyektində həyata keçirdiyi təmir işlərini təsdiq edəcək sənədləri təqdim etməlidir ki, müqaviləyə vaxtından əvvəl xitam verildiyi halda ona dəymiş ziyanın məblıəğini təsdiq edə bilsin.
Bu baxımdan əmlakın icarəyə təmirsiz verilməsi mübahisə doğurmur. Mübahisəli hal isə iddiaçının icarə obyektində təmir işlərini yerinə yetirməsidir. İddiaçı iddia edir ki, o, avtoyuma məntəqəsində (icarə obyektində) 120.000 manat dəyərində təmir işləri yerinə yetirmişdir. İcarə obyektinin sahəsi 437 kv.m olmuşdur və iddiaçının deməyinə görə o, həmin sahəyə 2 ay müddətində 120000 manat xərc qoymuşdur. Buna baxmayaraq müqavilədə nəzərədə tutulsa da, iddiaçı həmin xərci təsdiq edə biləcək hər hansı bir sənədi (sübutu) təqdim etmir və edə də bilmir. Ona görə ki, obyektdə iddiaçı tərfindən hər hansı bir təmir işləri aparılmamışdır. Və bunu obyekti sökən icra hakimiyyətinin özü də yazılı məktubla təsdiq edir.
Eyni zamanda mübahisə doğuran hal ekspertin rəy verməkdən imtina etməsidir. Belə ki, çəkilmiş təmir xərclərinin müəyyən edilməsi ilə əlaqədar olaraq məhkəmə tərəfindən ekspertiza təyin olunmuş və ekspertizanın aparılması AR Ədliyyə Nazirliyi MEM-nə həvalə olunmuşdur. Lakin ekspert rəy verməkdən imtina etmişdir və imtinasını onunla əsaslandırmışdır ki, ekspertiza tədqiqatına təmirə çəkilmiş xərcləri özündə əks etdirən nə hər hansı bir sənəd (xərc sənədləri) və nə dəki tikili (obyekt) təqdim olunmadığından belə bir vəziyyətdə ekspertizanın aparılması mümkün deyildir. Buna baxmayaraq sonradan məhkəmə tərəfindən təkrar ekspertiza təyin olunmuş və bu dəfə ekspertizanın (daha doğrusu qiymətləndirmənin) aparılması “Qiymətləndirmə və Gonsaltinq Mərkəzi” MMC-yə həvalə olunmuşdur ki, həmin Mərkəzdə ona iddiaçı tərəfindən təqdim olunmuş şəkillər əsasında (məlum deyil ki, həmin fotoşəkillər haranın və yaxud hansı obyektin fotoşəkilləridir)  təmirə “çəkilmiş Xərci” “hesablamışdır”.
Digər maraqlı bir məqam isə məhkəmənin daha da irəli gedərək mövcud olmayan “obyektə yerli baxış keçirmək” cəhdidir. Belə ki, mübahisəli obyektin yerində məhkəmə hazırkı mübahisəyə baxan vaxt bağ salınmışdır və hazırda da həmin ərazi bağdır. Maraqlıdır ki, məhkəmə nəyə və necə baxış keçirib. Çox güman ki, işə baxan məhkəmələrin tərkibində “münəccimlər” də iştirak ediblər.
Hörmətli cənab Sədr!
Yuxarıda qeyd edilənləri əsas tutaraq Sizdən Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 11.06.2026-cı il tarixli, 2-2(1-8)-200/2026 saylı qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna təqdimat verilməsi məsələsinə baxmağınızı xahiş edirəm.

Hörmətlə;
Çingiz Heydərov
12 avqust 2026-cı il


Qeyd edək ki, Ali Məhkəmə icarəyə götürülmüş əmlakda aparılan təmir və yaxşılaşdırmalara çəkilmiş xərclərin müqavilə başa çatdıqdan sonra kim tərəfindən qarşılanması ilə bağlı hüquqi mövqe ifadə edib.

Bu barədə Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, Ali Məhkəmənin Kommersiya Kollegiyası son qərarlarından birində icarəçi qeyri-yaşayış sahəsində öz vəsaiti hesabına geniş həcmli təmir, yenidənqurma və yaxşılaşdırma işləri apardığını bildirərək, həmin xərclərin icarəyə verəndən tutulmasını tələb edib.


Tərəflər arasında bağlanmış icarə müqaviləsində əvvəlcədən razılaşdırılıb ki, müqaviləyə xitam verildikdə daşına bilən mebel və avadanlıqlar icarəçi tərəfindən götürülə bilər, ayrılmaz yaxşılaşdırmalar və digər avadanlıqlar isə icarəyə verənin mülkiyyətində qalır.
Ali Məhkəmə vurğulayıb ki, tərəflər arasında müqavilə mövcuddursa, ilk növbədə həmin müqavilənin şərtləri tətbiq edilməlidir:

"Mülki Məcəllənin 680-ci maddəsi kirayəçinin (icarəçinin) çəkdiyi xərclərin ödənilməsinə dair ümumi qayda müəyyən edir. Həmin maddəyə əsasən, kirayəyə verən əmlakın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərcləri ödəməlidir. Əmlakın yaxşılaşdırılmasına çəkilmiş digər xərclərin, o cümlədən yaxşılaşdırma xərclərinin ödənilməsi isə özgə işlərini tapşırıqsız aparma qaydalarına uyğun həll edilir.

Lakin bu qaydalar tərəflərin müqavilə ilə fərqli razılaşma əldə etməsinə mane olmur və bu maddə tərəflər müqavilə ilə başqa tənzimləmə nəzərdə tutmadıqda tətbiq olunur.

Yəni, tərəflər yaxşılaşdırmaların hüquqi taleyini və onların dəyərinin ödənilməsi məsələsini müqavilədə əvvəlcədən tənzimləyiblərsə, sonradan yaranan mübahisə məhz həmin razılaşmaya əsasən həll edilməlidir.

Baxılan işdə müqavilədə icarə obyektindəki aparılması mümkün olmayan yaxşılaşdırmaların icarəyə verənin mülkiyyətində qalacağı nəzərdə tutulub, eyni zamanda onların dəyərinin icarəçiyə kompensasiya ediləcəyinə dair hər hansı öhdəlik müəyyən edilməyib.

Bu səbəbdən Ali Məhkəmə belə nəticəyə gəlib ki, icarəçinin yaxşılaşdırmalara çəkdiyi xərclərin sonradan icarəyə verəndən tələb edilməsi üçün hüquqi əsas mövcud deyil.
Bu hüquqi mövqe göstərir ki, icarə obyektində təmir və yenidənqurma işlərinə başlamazdan əvvəl onların hüquqi taleyi mütləq şəkildə müqavilədə dəqiq müəyyən edilməlidir. Müqavilədə icarə obayektindən ayrıla bilən və ayrılması mümkün olmayan yaxşılaşdırmaların müqaviləyə xitam verildikdən sonra hüquqi taleyinin necə müəyyən ediləcəyi və icarəyə verənin mülkiyyətində qalacaq yaxşılaşdırmaların dəyərinin icarəçiyə kompensasiya olunub-olunmayacağı aydın şəkildə göstərilməlidir".demokrat.az