Bakıda bu yollarda məhdudiyyət olacaq

Bakıda bu yollarda məhdudiyyət olacaq
SOSİAL 04 Sentyabr 2026 12:28

Bakıda keçiriləcək beynəlxalqsəviyyəli “Alufar IRONMAN 70.3 Baku” yarışının təhlükəsiz və mütəşəkkil keçirilməsi məqsədilə sentyabrın 4-ü və 5-i şəhərin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.

Sitat.info xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Bildirilib ki, məhdudiyyətlər sentyabrın 4-ü saat 21:00-dan etibarən mərhələli şəkildə tətbiq ediləcək və sentyabrın 5-i saat 16:00-dək davam edəcək.

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun (M2) Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu qovşağından, yolun 25-ci kilometrindən başlayaraq əks istiqamətdə hərəkətin təmin edilməsi məqsədilə qarşı tərəfdən gələn nəqliyyat vasitələri üçün bir hərəkət zolağı nəzərdə tutulub.

Bununla yanaşı, Lökbatan dairəsi istiqamətində bir hərəkət zolağı ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılacaq.

Bakı-Ələt (M3) avtomobil yolunun Lökbatan dairəsi istiqamətində 14-cü kilometrindən şəhər mərkəzinə doğru, “Sheraton Baku Intourist” hotelinin qarşısındakı dairəyədək nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Sürücülər alternativ olaraq Bakı-Ələt (M3) avtomobil yolunun Lökbatan-Bayıl istiqamətindən istifadə edə biləcəklər.

Məhdudiyyətlərin tətbiqi yarışdan əvvəlki hazırlıq mərhələsində sentyabrın 4-də saat 21:00-dan sentyabrın 5-də saat 04:59-dək, yarışın keçirildiyi əsas mərhələdə isə saat 05:00-dan 14:30-dək davam edəcək.

Yarış başa çatdıqdan sonra ərazidə təmizlik və bərpa işlərinin aparılması ilə əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlərin 5 sentyabr saat 14:30-dan 16:00-dək davam etdirilməsi nəzərdə tutulur.

Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.

Qeyd edək ki, sentyabrın 5-i paytaxtımızda keçiriləcək “Alufar IRONMAN 70.3 Baku” yarışına 62 ölkədən 1500-dən çox iştirakçının qatılacağı gözlənilir.