Rusiya Ukraynada sənaye müəssisəsini vurdu: Ölən və yaralananlar var
Rusiya ordusu gecə saatlarında Ukraynanın Dnepropetrovsk vilayətinə zərbə endirib. Hücum nəticəsində sənaye müəssisəsi vurulub, ölən və yaralananlar var.
Sitat.info xəbər verir ki, Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja bildirib ki, gecə saat 01:00 radələrində Kamensk şəhərində yerləşən müəssisəyə bir neçə zərbə endirilib. Bundan əvvəl Ukrayna Hərbi Hava Qüvvələri Dnepr istiqamətində bir neçə ballistik raketin buraxılması barədə xəbərdarlıq etmişdi.
Son məlumata görə, hücum nəticəsində 4 nəfər ölüb, daha 5 nəfər yaralanıb. Yaralananlardan üç nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 30 yaşlı qadının vəziyyətinin ağır olduğu və reanimasiya şöbəsində müalicə aldığı bildirilir.
Rusiya qüvvələri gecə saatlarında pilotsuz uçuş aparatları ilə Kiyev vilayətinə də hücum edib. Borispol rayonu zərbəyə məruz qalıb.
Hücum nəticəsində bir kişi qəlpə yarası alaraq xəstəxanaya yerləşdirilib. Bundan başqa, anbarlar, inzibati bina, mağaza və bir neçə kiçik ticarət obyekti zədələnib.
Seymur,
Sitat.info