Tramp İranı Venesuela ilə müqayisə etdi: "Bizim üçün böyük məsələ deyil"

Tramp İranı Venesuela ilə müqayisə etdi: \"Bizim üçün böyük məsələ deyil\"
Dünya 05 Sentyabr 2026 09:30

ABŞ Prezidenti Donald Tramp İranla yaşanan gərginliyi “müharibə” deyil, “hərbi qarşıdurma” adlandırıb və İranın ABŞ üçün böyük məsələ olmadığını bildirib.

Sitat.info xəbər verir ki, Tramp Ağ Evdə keçirilən mətbuat konfransından sonra jurnalistlərin suallarını cavablandırarkən ABŞ-ın Venesuela və İranda hərbi baxımdan uğurlu əməliyyatlar həyata keçirdiyini, lakin hazırda aktiv hücum vəziyyətində olmadıqlarını deyib.

ABŞ vitse-prezidenti JD Vensin İranla bağlı gərginliyi “müharibə” adlandırmaması xatırladıldıqda Tramp bildirib:

“Bir çox insan buna müharibə demir. Mən bunu hərbi qarşıdurma adlandırıram, çünki bizim üçün əhəmiyyətsiz məsələdir. İran bizim üçün böyük məsələ deyil. Venesuelaya müdaxilə etdik, buraya da müdaxilə etdik”.

Tramp İranla qarşıdurmalarda 18 ABŞ əsgərinin öldüyünü bildirərək, bunun Vyetnam və ya Əfqanıstan müharibələri ilə müqayisədə böyük rəqəm olmadığını deyib.

“Kazma dağını tezliklə vura bilərik”

ABŞ Prezidenti Hörmüz boğazı və ətrafındakı vəziyyəti yaxından izlədiklərini, Kazma dağı ətrafındakı hərəkətliliyi müşahidə etdiklərini bildirib.

“Əgər həmin bölgədə müəyyən hadisələr baş verərsə, Kazma dağını tezliklə vura bilərik”, - Tramp deyib.

O, Hörmüz boğazını neft tankerlərinin keçidi üçün açıq saxladıqlarını da bildirib.

Çin İran böhranına qarışmayıb

Tramp həmçinin Çin Prezidenti Si Cinpinlə sentyabrın 24-də Ağ Evdə görüşəcəyini açıqlayıb.

“Si ilə çox yaxşı münasibətimiz var. Ona dedim ki, xahiş edirəm, İran məsələsinə qarışmayın. Onlar da həqiqətən bu məsələyə çox qarışmadılar”, - Tramp bildirib.

ABŞ Prezidenti Çinin istəsə prosesdə daha fəal iştirak edə biləcəyini, lakin Pekinin İranla bağlı gərginliyə çox az müdaxilə etdiyini qeyd edib.

Nigar,

Sitat.info