Trampdan müharibəyə son qoyacaq təklif

Trampdan müharibəyə son qoyacaq təklif
Dünya 05 Sentyabr 2026 17:30
ABŞ Prezidenti Donald Tramp Ukraynada 4 ildən artıqdır davam edən müharibəyə son qoymaq məqsədilə yeni diplomatik təşəbbüsə başlayıb.
Tramp Xüsusi Nümayəndəsi Stiv Vitkoff və kürəkəni Cared Kuşneri Moskva və Kiyevə göndərdiyini bəyan edib. İki nümayəndənin Rusiya və Ukrayna liderləri ilə görüşərək sülh danışıqları üçün zəmin hazırlayacağı bildirilib.
Ukraynanın yüksək vəzifəli rəsmisinin sözlərinə görə, ABŞ nümayəndələrinin bazar günü Kiyevə gəlişi gözlənilir. "Axios"un məlumatına əsasən, Vitkoff və Kuşner bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putinlə, bazar günü isə Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə bir araya gələcək. Kreml tərəfi isə səfərlə bağlı hələlik hər hansı açıqlama verməkdən çəkinib.
Tramp jurnalistlərə müsahibəsində hər iki nümayəndənin sülh prosesində irəliləyişin mümkünlüyünü qiymətləndirəcəyini qeyd edib:
"İki təcrübəli danışıqlarçı olan Stiv Vitkoff və Cared Kuşneri göndərdim. Onlar əvvəlki missiyalarda böyük işlər görüblər. Bu dəfə də nəticə əldə edib-edə bilməyəcəyimizi görmək üçün oradadırlar. Uğur qazanmaq ehtimalımız kifayət qədər yüksəkdir. Onlar özləri ilə müharibəni dayandıracaq konkret təklif aparırlar”.
ABŞ dövlət başçısı təklifin Ukraynanın ərazi güzəştlərini ehtiva edib-etmədiyi barədə təfərrüat açıqlamayıb, sadəcə "Sülhlə bağlı aydın fikrimiz var" deməklə kifayətlənib. Vaşinqtonun bu addımı tərəflərin hücumları intensivləşdirdiyi bir vaxta təsadüf edir. Zelenskinin sözlərinə görə, Trampın bəyanatından cəmi bir neçə saat əvvəl Rusiyaya məxsus PUA Kiyevin mərkəzində yerləşən Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) qərargahını hədəf alıb. Hücum nəticəsində SBU rəhbəri əvəzinin ofisinə zərər dəyib. Bu, müharibə başlayandan bəri qərargaha edilən ilk birbaşa zərbədir.
Hadisədən sonra Zelenski ABŞ nümayəndələrinin Kiyevdə olacağı müddətdə qarşılıqlı atəşkəs tətbiq edilməsini təklif edib:
"Bizim tərəfimizdən heç bir hava zərbəsi endirilməyəcək. Danışıqların keçirilməsi üçün Rusiya da eyni şəkildə atəşkəsə əməl etməlidir”.
Lakin bu bəyanata baxmayaraq, Rusiya tərəfinin növbəti hücumu nəticəsində 4 nəfər həlak olub, 5 nəfər xəsarət alıb. Bu səfər Vitkoff və Kuşnerin Trampın yenidən hakimiyyətə gəlişindən sonra Kiyevə ilk rəsmi gəlişi olacaq. Yaxın Şərq və İran istiqamətindəki danışıqlarda da rol alan nümayəndələrin bu gəlişi ilə Moskva və Kiyev arasında diplomatiya trafikinin yenidən intensivləşəcəyi gözlənilir.
///sfera.az///