ABŞ-da məmur namizədləri ilə müsahibəni artıq süni intellekt aparacaq
ABŞ federal hökuməti dövlət işinə qəbul prosesini sürətləndirmək üçün bəzi vakansiyalar üzrə süni intellekt dəstəkli müsahibə sistemini tətbiq etməyə hazırlaşır.
Sitat.info xəbər verir ki, pilot layihə ilk olaraq özəl sektordakı texnologiya mütəxəssislərini iki il müddətinə dövlət xidmətinə cəlb edən “Tech Force” proqramının namizədləri üzərində sınaqdan keçiriləcək. Namizədlərin seçilməsi və ilkin müsahibələrdə CodeSignal adlı süni intellekt platformasından istifadə olunacaq.
Müsahibəni süni intellekt aparacaq Namizədlər standart suallar verən süni intellekt əsaslı virtual nümayəndələrlə müsahibədən keçəcəklər. Sistem səsli, görüntülü və ya mətn formatında keçirilən müsahibələri qeydə alacaq, yazılı mətnini və qısa xülasəsini hazırlayacaq. Son qərarı isə insanlar verəcək. İşə qəbul üzrə məsul şəxslər namizədləri süni intellektin hazırladığı məlumatlar əsasında qiymətləndirəcəklər. Yeni sistemin əsas məqsədi dövlət qurumlarında yavaş və mürəkkəb işə qəbul prosesini sürətləndirməkdir. Rəsmilər gələcəkdə süni intellektin dövlət işinə qəbul müsahibələrində daha geniş istifadə olunacağını bildirirlər.
Aytac,
Sitat.info