“12 min manat alıb məni evsiz, torpaqsız qoyublar” - Vətəndaş vəkil və icra məmurundan şikayətçidir 

“12 min manat alıb məni evsiz, torpaqsız qoyublar” - Vətəndaş vəkil və icra məmurundan şikayətçidir 
HADİSƏ 08 Sentyabr 2026 16:04

Bakı sakini Şövkət Məcidova üzləşdiyi özbaşınalıq halları ilə bağlı Musavat.com-a müraciət edib.

Şikayətçinin sözlərinə görə, uzun illər əvvəl başlayan bir məhkəmə və icra işi nəticəsində onun atadan qalma həyətyanı torpaq sahəsi əlindən çıxıb, eyni zamanda hüquqi yardım üçün müraciət etdiyi şəxslər ümumilikdə 12 min manat pulunu alıblar.

Şövkət Məcidova deyir ki, vəkil Natiq Salmanov və icra məmuru İlyas Həsənovun hərəkətləri nəticəsində onun hüquqları pozulub, məhkəmə və icra prosesləri barədə lazımi qaydada məlumatlandırılmayıb.

Musavat.com-un qaynar xəttinə müraciət edən Şövkət Məcidovanın sözlərinə görə, hadisələrin başlanğıcı 2007-ci ilə gedib çıxır.

Onun bildirdiyinə görə, həmin vaxt xəstə qardaşının əməliyyat xərclərini qarşılamaq üçün özünə aid torpaq sahəsinin satılmasına razılıq verib.

Şövkət Məcidova deyir ki, torpaq 10 min 200 dollara satılıb və alıcılara bununla bağlı sərəncam verilib. Lakin sonradan həmin sərəncamın müddəti başa çatıb. Şikayətçinin sözlərinə görə, 2012-ci ildə hər iki qardaşının vəfatından sonra torpaq məsələsi yenidən gündəmə gəlib. Onun iddiasına əsasən, 2015-2016-cı illərdə torpağın alıcıları ortaya çıxaraq həmin ərazini öz adlarına keçirə bilmədiklərini bildiriblər və ondan pul tələb etməyə başlayıblar.

Şövkət Məcidova deyir ki, məsələ məhkəməyə çıxarıldıqdan sonra torpağın pulunun ondan tutularaq qarşı tərəfə ödənilməsi qət olunub. Üstəlik, məbləğ də indeksasiya olunub və torpaq üzərində görülən işlərə görə məbləğ hesablanıb:

“Məni məhkəməyə verdilər. Qardaşım rəhmətə getdiyi və torpaq mənim adımda olduğu üçün bütün məsuliyyət üstümdə qaldı. 8 minlik borcu müxtəlif əlavələrlə 18 min 750 manat etdilər, hətta üstünə faiz də qoyub 19 minə qaldırdılar. Razılaşdım, dedim ki, təki problem həll olunsun, pulu ödəyəcəyəm”.

Şövkət Məcidovanın sözlərinə görə, Apellyasiya Məhkəməsindən sonra işin icra mərhələsinə keçəcəyini gözləyib və borcu tam ödəmək üçün yaxınlarının köməyi ilə 20 min manat nağd pul toplayıb.

Onun sözlərinə görə, həmin vəsaiti borcun tam bağlanması üçün hazır saxladığı halda, aylarla nə məhkəmədən, nə də icra qurumundan hər hansı bildiriş, məktub və ya zəng alıb.

Şikayətçi bildirir ki, borcu ödəyərək məsələni bağlamaq istəyib, lakin prosesin onun məlumatı olmadan davam etdirildiyini sonradan öyrənib.

Hüquqi yardım almaq üçün Natiq Salmanovla tanış olduğunu bildirən Şövkət Məcidova deyir ki, həmin şəxs ona işin həll olunacağına dair müxtəlif vədlər verib.

Onun sözlərinə görə, Natiq Salmanov əvvəlcə ona 3 min manat verməyi və borcun birdəfəlik ödənilməməsi üçün müəyyən variantın tətbiq olunacağını təklif edib.

Şövkət Məcidova deyir ki, borcu tam ödəmək üçün pulunun hazır olduğunu bildirsə də, sonradan müxtəlif səbəblərlə ondan ümumilikdə 12 min manat pul alınıb.

Şikayətçinin sözlərinə görə, ona uzun müddət icra orqanı ilə danışıldığı və problemin həll olunacağı bildirilib.

Şövkət Məcidovanın iddiasına görə, yalnız onun digər torpaq sahəsi ilə bağlı müvafiq şəxslərin gəlib onun həyətini ölçməyə başlamasından sonra vəziyyətin fərqli olduğunu anlayıb. Onun sözlərinə görə, bundan sonra məhkəmə və icra sənədlərini araşdırmağa başlayıb. Şikayətçi deyir ki, sənədlərlə tanış olduqdan sonra icra işində onun guya çağırışlara gəlmədiyi və borcu ödəmək imkanının olmadığı barədə qeydlərin aparıldığını görüb. Öyrənib ki, borc məbləğini ödəmə qabiliyyəti olmaması görüntüsü yaradıldıqdan sonra icra məmuru tərəfindən məhkəməyə müraciət olunub. Məhkəmə onun atadan qalma torpaq sahəsinin satılaraq əldə olunan məbləğin borcun ödənməsinə qərar verib.

Şövkət Məcidova onun ödəmə qabiliyyətinin olmaması, məhkəmənin çağırışlarına guya getməməsi haqda qeydlərin həqiqəti əks etdirmədiyini bildirir və onların saxtalaşdırıldığını deyir.

Onun sözlərinə görə, atadan qalma, pay olaraq qardaşı qızına bağışladığı 6 sotluq həyətyanı torpaq sahəsi də sonradan onun məlumatı olmadan hərraca çıxarılıb.

Şikayətçi bildirir ki, qarşı tərəfdən ona bu prosesdə öz vəkilinin rolunun olduğunu bildirən fikirlər də səsləndirilib.

Şövkət Məcidova deyir ki, üzlədiyi hallarla bağlı hüquq-mühafizə və aidiyyəti dövlət qurumlarına müraciət edərək məsələnin araşdırılmasını istəyir.

Şikayətçinin sözlərinə görə, onun əsas tələbi vəkil Natiq Salmanov və icra məmuru İlyas Həsənovun fəaliyyəti ilə bağlı araşdırma aparılmasıdır:

“12 min manat pul alıb məni evsiz, torpaqsız qoyublar. Mənim tələbim odur ki, vəkil Natiq Salmanov və icra məmuru İlyas Həsənov barəsində cinayət işi başlansın. Məni onlarla üzləşdirsinlər, verdiyim pulların və sənədlərin hesabını versinlər”.

Musavat.com əməkdaşı məsələ ilə bağlı vəkil Natiq Salmanovla əlaqə saxlayıb.

Vəkil Şövkət Məcidovanın səsləndirdiyi iddialarla bağlı bildirib ki, sözügedən məsələ vaxtilə hüquqi müstəvidə araşdırılıb və bununla bağlı qərarlar mövcuddur:

“Bu iş barədə 10 il bundan əvvəl qərarlar qəbul olunub və həmin sənədlər Şövkət xanımın özündə də var. Məsələyə vaxtilə həm Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, həm də Abşeron Rayon Məhkəməsində baxılıb və hüquqi qiymət verilib”.

Vəkil həmin qərarları redaksiyaya təqdim edəcəyini də bildirib.

Musavat.com qarşı tərəfin təqdim edəcəyi sənədləri və digər aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırdır.