Azərbaycanla İran arasında yeni avtomobil körpüsü açılır 

Azərbaycanla İran arasında yeni avtomobil körpüsü açılır 
Gündəm 07 Sentyabr 2026 12:36

Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri - Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq arasında telefon danışığı baş tutub.

Bu barədə Sitat.info-ya Nazirlər Kabinetindən məlumat verilib. 

Telefon danışığı zamanı cari ilin fevral ayında Bakı şəhərində keçirilmiş Dövlət Komissiyasının 17-ci iclasının yekunlarına dair imzalanmış Anlaşma Memorandumunda əksini tapmış məsələlərin icra vəziyyəti nəzərdən keçirilib.

Tərəflər iqtisadi-ticarət, nəqliyyat-tranzit, energetika, su və digər sahələrdə uğurlu əməkdaşlığı qeyd edib, həyata keçirilən layihələrin icra dinamikasını müzakirə ediblər.

Xüsusilə nəqliyyat sahəsində həyata keçirilən layihələr sırasında Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisinin başa çatdırılması mühüm nəticə kimi qeyd edilib. Həmçinin Astara yük terminalında işlərin tamamlanması istiqamətində zəruri məsələlər müzakirə olunub.