Rusiyaya gedənlərin diqqətinə: Cərimələnə bilərsiniz
Rusiyada sentyabrın 1-dən əcnəbilərlə bağlı yeni qaydalar qüvvəyə minib.
Sitat.info xarici mətbuata istinadən xəbər verir ki,eni qaydalara əsasən, ölkədə 30 gündən çox qalacaq xarici vətəndaşlar tibbi müayinədən keçməli olacaqlar. Müayinələr zamanı İİV, vərəm, sifilis, narkotik asılılığı və bir sıra digər təhlükəli xəstəliklərin olub-olmadığı yoxlanılacaq.
Bundan sonra tibbi müayinədən keçmək üçün nəzərdə tutulan müddət 90 gündən 30 günə endirilib. Tibbi müayinə müvəqqəti yaşamaq və ya işləmək icazəsinin alınması, eləcə də patentin yenilənməsi üçün də məcburi şərt olacaq.
Müayinədən imtina edən və ya ondan yayınan şəxslərin 25-50 min rubl məbləğində cərimələnməsi, həmçinin ölkədən deportasiya edilməsi nəzərdə tutulur.
Tibbi müayinələrin nəticələri elektron formada hazırlanaraq vahid informasiya sisteminə daxil ediləcək. Təhlükəli yoluxucu xəstəlik, İİV və ya narkotik vasitələrdən istifadə faktı aşkarlandıqda məlumat aidiyyəti dövlət qurumlarına təqdim olunacaq.
Yeni qaydalarla saxta tibbi arayışlarla bağlı məsuliyyətin də sərtləşdirilməsi nəzərdə tutulur. Belə sənədlərin hazırlanması və internet üzərindən satışının təşkilinə görə ciddi cəza tətbiq edilə bilər.