Bu ərazidə yaşayan şəxslərə torpaq veriləcək - Müraciət üçün vaxt başladı!
Ağdam rayonunun Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində məskunlaşan sakinlərin kənd təsərrüfatı təyinatlı torpaqları əkin məqsədilə güzəştli şərtlərlə icarəyə götürməsi üçün müraciətlərin qəbuluna başlanılıb.
Sitat.info xəbər verir ki, bu barədə Aqrar Kredit və İnkişaf Agentliyi məlumat yayıb.
Bildirilib ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) – eagro.az vasitəsilə qəbul edilən müraciətlər sentyabrın 1-dən başlayıb və 2026-cı il oktyabrın 1-i günün sonunadək davam edəcək. pizza
Torpaqlar minimum 5 hektar olmaqla dəmyə (suvarılmayan) ərazilərdə, kəndlərin ətrafında yerləşir. Bu sahələrdə buğda, arpa, qarğıdalı, günəbaxan, pambıq, kartof, soğan, müxtəlif tərəvəz və paxlalı bitkilərin, eləcə də meyvə-giləmeyvə və digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsi nəzərdə tutulur.
Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərinə köçən sakinlər torpaqlardan güzəştli qaydada istifadə üçün aşağıdakı ardıcıllıqla müraciət edə bilərlər:
EKTİS-də qeydiyyatdan keçərək fermer elektron kabineti yaratmaq;
Elektron kabinetdə “Müraciətlərim” bölməsindən “Torpaq icarəsinə müraciət” seçərək Kəngərli, Xıdırlı və ya Sarıcalı kəndini qeyd etmək və ərizə formasını doldurmaq;
Şəxsiyyət vəsiqəsindəki qeydiyyat yerindən asılı olmayaraq faktiki yaşayış yerinin Kəngərli, Xıdırlı və ya Sarıcalı kəndi olduğunu Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqində qeyd etmək.
Qeyd olunub ki, müraciət edən şəxslər üçün təlimlər, müqavilələrin imzalanması və torpaq sahələrinin yerində tanıdılması 2026-cı ilin oktyabr ayından həyata keçiriləcək.
İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxillik bitkilər üçün isə 5 il müəyyənləşdirilib. İstifadənin nəticələrindən asılı olaraq müqavilələrin müddəti uzadıla bilər.
Əlavə məlumat üçün Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinə 051-950-24-29 və 050-648-09-22 nömrələri ilə müraciət etmək mümkündür.