Həkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür
Sentyabrın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqları artırılıb.
Sitat.info-nun məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqqılarının artırılması təşəbbüsü ilə çıxış edib.
Prezident İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib.
TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edəcək. İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artıb.
Tibbi Ərazi Bölmələrini İdrarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Anar Bayramov bu gün keçirdiyi mətbuat konfransında ətraflı məlumat verib.
“İslahat nəticəsində ilkin səhiyyə xidməti göstərən ailə həkimi və sahə həkimi vəzifələri üzrə çalışan həkim mütəxəssislərin aylıq əməkhaqqı 1150 manatdan 2000 manata çatdırılacaq
Respublika Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin həkiminin əməkhaqqı 1550 manatdan 2200 manata yüksələcək. Bununla yanaşı, tibb mərkəzlərinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin aylıq əməkhaqqı 1550 manatdan 2500 manata yüksələcək. 3A və 3B kateqoriyalı tibb müəssisələrinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin aylıq əməkhaqqı isə 2100 manatdan 3000 manata çatdırılacaq”, - o qeyd edib.
Regionlarda çalışan uşaq anestezioloq-reanimatoloqlarının aylıq əməkhaqqı 1450 manatdan 3000 manata yüksələcək. Neonatoloqların əməkhaqqı 1450 manatdan 2400 manata çatdırılacaq Hemodializ həkimlərinin əməkhaqqı isə 1450 manatdan 2250 manata çatdırılacaq. Həkim çatışmazlığı olan regionlarda mama-ginekologiya, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi, ürək-damar cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi və travmatologiya ixtisasları üzrə həkimlərin aylıq əməkhaqqı 1450 manatdan 2150 manata yüksələcək.