Qazinin videomüraciəti  rezonans yaratdı – Pensiyası niyə dayandırılıb?

Qazinin videomüraciəti  rezonans yaratdı – Pensiyası niyə dayandırılıb?
Gündəm 07 Sentyabr 2026 15:48

Cəlilabad rayon, Göytəpə şəhər sakini Əliyev Elnur Eynulla oğlu sosial şəbəkələrdə video paylaşaraq, bədənindəki yanıq izlərini göstərib və mövcud durumuna rəğmən əlillik  pensiyasının kəsildiyini bildirib. 

Video sosial müzakirələrdə geniş müzakirələrə səbəb olub. 

Sitat.info məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanlayıb. 

Nazirliyin Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov  bildirib ki, Əliyev Elnur Eynulla oğlu2022-ci ilin əvvəlindən müharibə veteranı kimi aylıq təqaüdlə (80 manat) təmin olunur.  

2025-ci ilin iyun ayından isə ümumi səbəblərdən orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə (III dərəcə) əlilliyi müəyyən edilmiş şəxs kimi hər ay müavinətlə (180 manat) təmin edilib. 

Elnur Əliyevin məşğulluğuna dəstək göstərilərək, 2021-cil ildə  özünüməşğulluq proqramı çərçivəsində onun üçün qoyunçuluq üzrə kiçik təsərrüfat da qurulub.

Cari ilin əvvəlində müraciət edərək, yaşadığı ərazidəki dövlət müəssisələrindən birində yüngül işlə təmin edilmək istədiyini bildirib. Müvafiq vakansiya yarandıqda istəyinə uyğun işlə təmin ediləcək.

Elnur Əliyevin əlillik müddəti 2026-cı ilin iyun ayında başa çatsa da, əlilliyinin yenidən qiymətləndirilməsi ilə bağlı heç bir müraciəti olmayıb.  Ona görə də əlillik müddətinin uzadılması məqsədilə müvafiq göndəriş rəsmiləşdirilməsi üçün qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsinə müraciət etməlidir.  

Qeyd edək ki, Elnur Əliyevin bədənindəki yanıqlar müharibə ilə əlaqədar deyil. O, müharibədən sonrakı dövrdə, 2024-cü ildə yanıq xəsarətləri alıb".

Aytac,

Sitat.info