Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı klinikadan açıqlama

23:01 21 İyul 2026

Bakının Yasamal rayonunda yerləşən “Vital Hospital”da ölü doğulan körpənin zirzəmiyə atılması ilə bağlı səsləndirilən iddialara klinika tərəfindən aydınlıq gətirilib.

 

Tibb müəssisəsindən “Bakupost”a verilən açıqlamada qeyd olunub ki, Zərdab rayon sakini olan hamilə pasiyent klinikaya ilk dəfə iyulun 17-də müraciət edib və daha əvvəl burada qeydiyyatda olmayıb.

 

Bildirilib ki, pasiyent keysəriyyə əməliyyatı üçün Bakıya göndərilib və klinikada aparılan ultrasəs müayinəsi zamanı bətnindəki dölün ölü olduğu müəyyən edilib.

 

“Bu barədə dərhal pasiyentin özünə və yaxınlarına məlumat verilib”.

 

Açıqlamada vurğulanıb ki, pasiyentə başqa tibb müəssisəsinə müraciət etməsi tövsiyə olunsa da, o, əməliyyatın məhz bu klinikada aparılmasını israrla xahiş edib. Nəticədə əməliyyat icra edilib və pasiyent tərəfindən klinikaya hər hansı ödəniş həyata keçirilməyib.

 

Qeyd edilib ki, dölün patohistoloji müayinəyə göndərilməsi təklif olunsa da, pasiyent bundan yazılı şəkildə imtina edib və əməliyyatdan sonra döl dəfn məqsədilə ailə tərəfindən aparılıb:

 

“İmtina barədə müvafiq sənəd imzalanıb və döl onların özlərinə eyni gündə təhvil verilib”.

 

Klinikadan həmçinin bildirilib ki, bir müddət sonra pasiyentin yaxınları tibb müəssisəsinə gələrək çəkiliş aparıb və sanitar otağı zirzəmi kimi təqdim ediblər:

 

“Onlar xəstəxananın yuxarı girişindəki şüşə qapıya güclü zərbələr endirərək içəri daxil olmaq və xəstənin yanına keçmək istədiklərini bildiriblər. Qapının sınmaması üçün açılmasından sonra isə çəkiliş apararaq içəri daxil olublar. Bir neçə qapını açdıqdan sonra klinikanın sanitar otağına baxıblar. Həmin otaq yuyucu vasitələrin saxlanıldığı yerdir. Onlar həmin otağın görüntülərini çəkərək elə təqdim ediblər ki, guya uşaq ora atılıb. Halbuki, döl ailəyə eyni gündə təhvil verilmişdi”.

 

Klinikadan əlavə edilib ki, səsləndirilən iddialarda tibb müəssisəsinin guya dölün ölümünə səbəb olduğu qeyd olunur. Lakin bildirilib ki, pasiyent klinikaya müraciət etdiyi zaman bütün tibbi sənədlər təqdim olunub, dölün ölüm faktı barədə pasiyentə və yaxınlarına əvvəlcədən məlumat verilib və əməliyyat ailənin istəyi ilə həyata keçirilib.

 

“Çəkiliş zamanı digər pasiyentlərin narahatlığı səbəbilə mühafizə xidmətinə məlumat verilib. Bundan sonra həmin şəxslər davranışlarına görə üzr istəyərək tibb müəssisəsinin ərazisini tərk ediblər.

 

Bazar günü pasiyentin yaxınları xəstəni klinikadan aparıb və bu zaman hər hansı narahatlıq bildirilməyib. Lakin növbəti gün çəkiliş videosu təhrif olunmuş və həqiqətə uyğun olmayan tərzdə sosial şəbəkələrdə ictimaiyyətə təqdim edilib.

 

Klinika 2003-cü ildən etibarən tibbi xidmətlər sahəsində fəaliyyət göstərir və fəaliyyəti dövründə bu cür halla ilk dəfə qarşılaşır. Tibbi müəssisə məsələnin obyektiv araşdırılmasında və cəmiyyətə təhrif olunmamış, həqiqi məlumatın çatdırılmasında maraqlıdır".



Xəbər xətti