Yeniyetmə avtobus sürdü, atası cəzalandırıldı - Video

Yeniyetmə avtobus sürdü, atası cəzalandırıldı - Video
Gündəm 27 Fevral 2024 12:45

Sosial şəbəkələrdə və bir sıra KİV-də “İsuzu” markalı avtobusun azyaşlı tərəfindən idarə olunmasını əks etdirən videogörüntü yayımlanıb.

Sitat.info Trend-ə istinadən xəbər verir ki, aparılan araşdırma nəticəsində hadisənin paytaxtın Xəzər rayonunda 15 yaşlı yeniyetmə tərəfindən törədildiyi müəyyən edilib. Baş DYP İdarəsinin əməkdaşları tərəfindən həmin yeniyetmə və atası ilə profilaktik söhbətlər aparılıb. Səhlənkarlığa yol verdiyini etiraf edən valideyn barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Baş DYP İdarəsi azyaşlıların sükan arxasına keçməsinə şərait yaradan valideynlərə müraciət edərək belə yanaşmanın əksər hallarda faciəyə gətirib çıxardığını bir daha xatırladır, gənc nəsli qanunlara və ictimai dəyərlərə hörmət ruhunda tərbiyə etməyə çağırır.