Putin-Paşinyan görüşü "rus ruleti"nə çevriləcək: Rusiya Ermənistanla "hesablaşma saatı" təyin etdi
Belə anlaşılır ki, əgər, Putin-Paşinyan görüşündə kompromis əldə edilməzsə, rəsmi İrəvan Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmağa çalışacaq... Kreml isə bu dağıdıcı prosesi dayandırmaq üçün Rusiyanin əlində olan bütün hərbi-siyasi, iqtisadi-ticari və diplomatik rıçaqları sonadək istifadə etməyə məcbur qalacaq...
Ermənistanla Rusiya arasında son illərdə sürətlə dərinləşən siyasi-ideoloji uçurum yeni və daha böhranlı mərhələyə daxil olur. Rəsmi İrəvan Avropa Birliyinə doğru daha konkret addımlar atmağa başlayıb. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını faktiki olaraq, qeyri-rəsmi şəkildə tərk edib. Eyni zamanda, rəsmi İrəvan Rusiya ilə münasibətlərdə əvvəlki təhlükəsizlik modelini qəbul etmədiyini qətiyyən gizlətmir. Və bütün bunlar Kreml üçün artıq adi siyasi-diplomatik ziddiyyətlər çərçivəsindən çıxaraq, geostrateji problemə çevrilməkdədir.
Maraqlıdır ki, məhz belə bir situasiyada Rusiya prezidenti Vladimir Putinin Qırğızıstanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşməsi gözlənilir. Bu görüşün gündəliyinin əsas mövzularından birinin məhz Ermənistanın Qərbə inteqrasiya kursu olacağı artıq Rusiya prezidentinin köməkçisi Yuri Uşakov tərəfindən açıq şəkildə bildirilib. Çünki Kreml artıq rəsmi İrəvanın Qərbə yaxınlaşmasını sadəcə, Ermənistanın suveren xarici siyasət seçimi deyil, Rusiya ilə mövcud iqtisadi və siyasi əlaqələr sistemi ilə ziddiyyət təşkil edən proses kimi qəbul edir.
Məsələ ondadır ki, Kreml Ermənistanın həm Avropa Birliyinə üzvlüyə can atmasını, həm də Avrasiya İqtisadi İttifaqı çərçivəsində əvvəlki səviyyədə əməkdaşlıqdan faydalanmasını uzunmüddətli perspektivdə mümkün hesab etmir. Rusiyanın mövqeyinə görə, rəsmi İrəvan iki müxtəlif inteqrasiya modelini paralel şəkildə davam etdirməyə çalışdıqca hüquqi, iqtisadi və siyasi ziddiyyətlər qaçılmaz olacaq. Çünki Ermənistan Avropa Birliyinə üzvlüklə bağlı real prosedura başlasa, bu ölkənin iqtisadi və hüquqi sisteminin tədricən Qərb standartlarına uyğunlaşdırılmasına ehtiyac yaranacaq.

Təbii ki, bu halda, Ermənistanın Rusiyanın dominant olduğu inteqrasiya strukturlarından uzaqlaşması da sürətlənə bilər. Bu baxımdan, baş nazir Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı son açıqlamaları da Kremlin narahatlığını artıran əsas amillərdəndir. Çünki erməni baş nazir ölkəsinin bu təşkilatda aktiv fəaliyyətə qayıtmaq niyyətində olmadığını və KTMT-yə olan marağın faktiki olaraq, tükəndiyini bildirib.
Üstəlik, baş nazir Nikol Paşinyanın “Ermənistanın KTMT-dən çıxarılması qərarına çox şad olardım” məzmunlu bəyanatı isə Rusiya üçün siyasi-diplomatik baxımdan, son dərəcə sərt mesajdır. Çünki Ermənistanın KTMT-dən faktiki olaraq, uzaqlaşması yalnız bir təşkilatdan çıxmaq məsələsi deyil. Bu, həm də postsovet məkanında Rusiyanın yaratdığı təhlükəsizlik arxitekturasından bir dövlətin tədricən kənarlaşması deməkdir.
Ancaq rəsmi İrəvan bunun əvəzində Ermənistan üçün tamamilə fərqli təhlükəsizlik konsepsiyası formalaşdırmağa çalışır. Baş nazir Nikol Paşinyanın açıqlamalarından da göründüyü kimi, rəsmi İrəvan Ermənistanın gələcək təhlükəsizliyini yalnız hər hansı hərbi-siyasi blokun təminatları ilə deyil, məhz ordunun gücləndirilməsi və regional sabitliyin təmin edilməsi ilə əlaqələndirir. Və rəsmi İrəvanın bu yanaşma tərzi Rusiyanın Ermənistan üzərində mövcud olan təsir mexanizmlərini ciddi şəkildə zəiflədə bilər.
Ona görə də, Rusiya son vaxtlar Ermənistanla münasibətlərdə iqtisadi və ticarət alətlərinin əhəmiyyətini rəsmi İrəvana daha sərt addımlar ilə xatırladır. Çünki Ermənistan iqtisadiyyatı üçün Rusiya bazarı xüsusi əhəmiyyət daşıyır və ticarət əlaqələrində əlavə əngəllər rəsmi İrəvan üçün müəyyən iqtisadi problemlər yarada bilər. Və bu baxımdan, Kreml rəsmi İrəvana mesaj verir ki, Rusiya hələ də Ermənistanla münasibətlərdə iqtisadi asılılıq faktorundan istifadə etmək imkanlarına malikdir.

Kremlin Ermənistanın Qərb kursuna münasibətinin sərtləşdiyini göstərən digər önəmli məqam isə Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin təhdid mesajıdır. Belə ki, o, Ermənistanın Avropa Birliyinə heç vaxt üzv olmayacağını iddia etməklə yanaşı, bu kursun rəsmi İrəvanın Rusiya və digər Avrasiya İqtisadi İttifaqı ölkələri ilə münasibətlərini uzun müddət üçün korlayacağını bildirib. Yəni, Kreml rəsmi İrəvana faktiki olaraq, seçim dilemması təqdim edir. Halbuki, Paşinyan hakimiyyəti artıq bu dilemmanı əvvəlki kimi ciddi qəbul etmir.
Bütün bunları nəzərə aldıqda, Putin-Paşinyan görüşünü yalnız növbəti siyasi-diplomatik təmas kimi qiymətləndirmək düzgün olmaz. Çünki bu görüşün gündəliyi Ermənistanın xarici siyasətində dönüş nöqtəsinin artıq Kreml səviyyəsində müzakirə edilməyə başladığını göstərir. Hazırda Kreml üçün əsas məsələ Ermənistanın Qərbə yaxınlaşmasının hansı sürətlə və hansı mexanizmlərlə həyata keçiriləcəyi ilə bağlıdır. Rəsmi İrəvan üçün isə əsas sual Rusiyanın siyasi, iqtisadi və təhlükəsizlik təzyiqlərinə baxmayaraq, Qərbə inteqrasiya kursunu nə qədər davam etdirə biləcəyidir.
Üstəlik, Kremlin Ermənistan daxilində müxalifət liderlərinin həbslərini də görüş ərəfəsində xüsusilə vurğulaması da qətiyyən təsadüfi deyil. Yəni, Kreml rəsmi İrəvanın ölkədaxili siyasi proseslərini də Rusiya-Ermənistan münasibətlərinin ümumi kontekstinə daxil edir. Xüsusilə də, Rusiya ilə ənənəvi münasibətlərin qorunmasını müdafiə edən şəxslərin həbsləri Kremlin narazılığını daha da artıran önəmli amil kimi təqdim olunur. Və bu, o deməkdir ki, Kreml artıq Ermənistanda ölkədaxili siyasi transformasiyasını da Rusiyanın regional təsirinin zəifləməsi prosesinin tərkib hissəsi kimi qəbul edir.

Ancaq burada ən önəmli məqam Ermənistanın Qərbə inteqrasiya prosesinin artıq siyasi ritorikadan konkret addımlar mərhələsinə keçmək üzrə olmasıdır. Əgər bu proses reallaşarsa, Ermənistan-Rusiya münasibətlərindəki böhran daha qəliz xarakter alacaq. Çünki növbəti mərhələdə Ermənistanın qanunvericiliyi, iqtisadi əlaqələri, təhlükəsizlik modeli və xarici siyasət prioritetləri tədricən yeni istiqamətdə formalaşmağa başlayacaq. Və bu isə Rusiyanın Cənubi Qafqazdakı ənənəvi təsir mexanizmlərinə sarsıdıcı zərbənin vurulması deməkdir.
Göründüyü kimi, Putin-Paşinyan görüşü Kremlin Ermənistanı Rusiyanın hərbi-siyasi orbitdə saxlamaq üçün göstərdiyi növbəti cəhd rolunu oynaya bilər. Kreml hələlik bütün qapıları bağlamır və ancaq Ermənistanın Qərbə yaxınlaşma kursunun Rusiya ilə münasibətlər üçün nəticəsiz qalmayacağı barədə də sərt xəbərdarlıq edir. Halbuki, Paşinyan hakimiyyəti isə hələlik indiki mövqeyindən geri çəkilmək niyyətində olmadığını qətiyyən gizlətmir.
Belə anlaşılır ki, əgər, Putin-Paşinyan görüşündə kompromis əldə edilməzsə, bu, “son görüş” kimi məcazi mənada, daha böyük siyasi ayrılığın başlanğıcını da ifadə edə bilər. Yəni, rəsmi İrəvan Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmağa çalışacaq. Kreml isə bu dağıdıcı prosesi dayandırmaq üçün əlində olan bütün siyasi, iqtisadi və diplomatik rıçaqları sonadək istifadə etməyə məcbur qalacaq.
Elçin XALİDBƏYLİ, Siyasi ekspert, "Yeni Müsavat" Media Qrupu
