Sabiq Baş nazirin atası ilə bağlı istintaq başladıldı
Macarıstan polisi Viktor Orbanın atası ilə bağlı şirkətlərə dair araşdırmaya başlayıb.
Bu barədə Macarıstanın "444.hu" nəşri paytaxt polis idarəsinə istinadən məlumat yayıb.
Məlumata görə, hüquq-mühafizə orqanları Dyördy Orbana məxsus Dolomit Kft. şirkətinin M1 avtomobil yolunun genişləndirilməsi layihəsi üçün tikinti daşı materiallarını Meşaroşa məxsus biznes qrupuna daxil olan "V-Híd Zrt." şirkətinə bazar qiymətindən baha satıb-satmadığını araşdırır. Şirkətlər arasındakı mümkün əlaqə M1 avtomobil yolunun genişləndirilməsi üçün Dyördy Orbana məxsus karxanalardan tikinti daşı tədarük edilməsi barədə məlumatların yayılmasından sonra gündəmə gəlib.
Macarıstanın bitərəf deputatı Akos Hadhazi iyun ayında Dolomit şirkətinin "V-Híd"ə tikinti daşını bazar qiymətindən baha satdığını göstərən sənədlər əldə etdiyini açıqlayıb.
Onun sözlərinə görə, bəzi məhsul növləri şirkətin açıqladığı qiymət siyahısında göstərilən məbləğdən demək olar ki, iki dəfə baha satılıb.
Bundan sonra "Transparency International Hungary" təşkilatının hüquq direktoru Mikloş Liqeti məsələ ilə bağlı mümkün vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının araşdırılması üçün polisə müraciət edib. Təşkilat bildirib ki, hesab-fakturalar və digər sənədlər araşdırılmadan qiymətlərin həqiqətən şişirdildiyini qəti şəkildə müəyyən etmək mümkün deyil. Lakin dövlət vəsaitlərinin tikinti materiallarının bazar qiymətindən baha alınmasına xərcləndiyi təsdiqlənərsə, bunun dövlət əmlakına zərər vurması ilə nəticələnə biləcəyi vurğulanıb. Macarıstan mediasının məlumatına görə, avtomobil yollarının saxlanılması və inkişafına dövlət tərəfindən ayrılan vəsaitin həcmi yüz milyardlarla forint təşkil edir. Macarıstan KİV-inin yazdığına görə, birbaşa Orban ailəsinə məxsus şirkətlər ötən il təxminən 3 milyard forint mənfəət əldə edib. Bu məbləğin əhəmiyyətli hissəsi dividend şəklində şirkət sahiblərinə ödənilib. Hazırda Macarıstan polisi şirkətlər arasındakı sövdələşmələrdə qanun pozuntusunun olub-olmadığını araşdırır.
///modern.az///