150 milyonluq ulduz “Barselona”ya görə xəstə rolu oynayır - Komandasını boykot edir
Atletiko Madrid”in hücumçusu Xulian Alvares dalbadal üç gündür ki, komandanın məşqlərinə qatılmır.
Sitat.info xəbər verir ki, bu barədə “Sport.es” nəşri məlumat yayıb.
Nəşr yazır ki, argentinalı ulduz özünü “xəstə” kimi qələmə verərək, “Sevilya” ilə şənbə günü keçiriləcək matçın hazırlıq prosesini boykot edir:
“Bu səbəbdən onun Əndəlüs təmsilçisinə qarşı oyunda meydana çıxması praktiki olaraq qeyri-mümkündür. Aleksander Sörlotun zədəli olduğu bir vaxtda Alvaresin bu addımı baş məşqçi Diyeqo Simeoneyi hücum xəttində ciddi problemlə üz-üzə qoyub.
Futbolçunun məşqlərdən imtina etməsi onun “Barselona”ya keçmək əzmindən xəbər verir. Lakin “Atletiko” rəhbərliyi ulduz oyunçunu Kataloniya klubuna satmağın qətiyyən tərəfdarı deyil. Madrid təmsilçisi London “Arsenal”ının təqdim etdiyi 150 milyon avroluq təklifi qəbul etməyə hazır olsa da, “Barselona” ilə danışıqlarda güzəştə getmir və müqavilədə göstərilən 500 milyon avroluq təzminat tələb edir.Məşqləri buraxması ilə bağlı Alvaresin “səhhəti” bəhanəsini klub hələlik rəsmi olaraq “üzrlü səbəb” kimi qəbul edir. “Atletiko” transferin baş tutmayacağı təqdirdə futbolçu ilə münasibətləri tamamilə korlamamaq üçün “gərgin sakitliyi” qorumağa çalışır”.
Qeyd edək ki, “Vilyarreal”a qarşı son matçda Alvaresin həvəssiz oyunu və azarkeşlərin onu fitə basması diqqətdən yayınmayıb. Argentinalı hücumçu fanatların narazılığı fonunda meydanı təkbaşına tərk edib. Əgər ulduz futbolçu komandadan ayrılarsa, madridlilər təcili olaraq yeni hücumçu axtarışına çıxmalı olacaqlar.