"İran qaş düzəldərkən göz çıxartdı, iki düşmən qazandı" - Elxan Şahinoğlu

12:49 7 Dekabr 2022

"İkinci Qarabağ müharibəsindən sonra İranın sərhədlərimizdə hərbi təlim keçirməkdə iki məqsədi  bizi qorxutmaq idi. Gözləyirdi ki, bizi qorxudarsa xarici siyasətimizdə korrektələr edərik, Qərblə yox, İranla dostluğa başlayarıq. Ancaq onlar yanıldı. Biz heç kimdən qorxmuruq, İrandan da qorxmuruq".

Sitat.info xəbər verir ki, bu sözləri Reaksiya TV-nin efirində politoloq Elxan Şahinoğlu səsləndirib.

Politoloq vurğuladı ki, İran əks nəticə ilə üzləşdi: "Başda dövlət başçısı olmaqla Azərbaycan rəsmiləri sərt fikirlər səsləndirdilər. Güney Azərbaycan amili bu dəqiqə ölkədə vacib mövzulardan birinə çevrilib. Biz qorxmadığımızı iki hərbi təlimlə də göstərdik. Birinci təlimi özümüz keçirdik, ikinci təlimi isə "Qardaş yumruğu" adı ilə Türkiyə ilə birgə keçirilir. Adlarda oxşarlıq var. Dəmir yumruq ermənilərə zərbə idi, qardaş yumruğu isə İrana xəbərdarlıq mesajı daşıyır".

E.Şahinoğlunun sözlərinə görə, Türkiyə prezidentinin də bu təlimlərlə bağlı ciddi mesajları oldu: "Bizdən fərqli olaraq Türkiyənin İranla münasibətləri normaldır, bizim qədər gərgin deyil. Ancaq prezident Ərdoğan və müdafiə naziri Hülusi Akar Tehrana mesaj göndərdilər ki, Azərbaycanı hədələsən qarşında Türkiyəni görəcəksən. Türkiyə Azərbaycan ordusu artıq vahid ordudur, bunu prezident İlham Əliyev də dedi".

Politoloq diqqətə çatdırdı ki, İran qaş düzəldərkən, gözü vurub çıxartdı və özünə iki düşmən qazandı: "Amma yenə də gec deyil. İran siyasətini korrektə edərsə, Azərbaycanla təxribatçı dillə danışmazsa bəlkə münasibətlər düzələr. Ancaq mən bunu gözləmirəm. Çünki 30 ildir Azərbaycanın müstəqilliyini qəbul edə bilmir. Onların bütün rəsmilərinin, mollalarının açıqlamaları, mətbuatın məqalələri bununla bağlıdır".

Hülya Mirzəyeva,

Sitat.info 



Xəbər xətti