ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Bred Kuper İranın tam blokadaya alındığını bəyan edib.
Komandan İran iqtisadiyyatının 90%-nin dəniz ticarətindən asılı olduğunu vurğulayıb.
Kuperin sözlərinə görə, son 36 saat ərzində ABŞ qüvvələri İranın dəniz yolu vasitəsilə həyata keçirdiyi iqtisadi ticarəti tamamilə dayandırıb.
Bu gərginlik fonunda İranın diplomatik mənbələri Livanın "Əl-Əxbar" qəzetinə verdiyi açıqlamada Tehranın geri çəkilməyəcəyini bildiriblər.
Mənbələr qeyd edib ki, Livanda hücumlar davam etdiyi müddətdə hər hansı razılaşmadan və ya hücumların dayandırılmasından söhbət gedə bilməz. İran tərəfinin mövqeyinə görə, İsrailin bölgədəki bütün hərbi əməliyyatları dayandırılmasa, əldə olunacaq hər hansı razılaşma sabit və uzunmüddətli olmayacaq.
Tehran rəsmiləri Livanda atəşkəsin bərqərar olunmasını bir xahiş deyil, əsas şərt kimi irəli sürüblər:
"Bu şərt yerinə yetirilmədən Vaşinqtonla yeni danışıqlar raundu keçirilə bilməz. Amerikalılar ya İranın bütün şərtlərini bir paket halında qəbul etməli, ya da bir şərtin rədd edilməsi bütün paketin rəddi kimi qiymətləndirilməlidir".
Eyni zamanda, diplomatik mənbələr hazırda Vaşinqton və Tehran arasında müəyyən mesaj mübadiləsinin davam etdiyini də qeyd ediblər.Musavat.com