Bu gün ABŞ Nümayəndələr Palatası prezident Donald Trampın İranla bağlı hərbi səlahiyyətlərini məhdudlaşdırmağı nəzərdə tutan qətnaməni qəbul edib. Sənədin lehinə 215 konqresmen səs verib, 208 nəfər isə əleyhinə çıxıb.
Sitat.info BBC-yə istinadən xəbər verir ki, qətnaməyə əsasən, Konqres rəsmi şəkildə müharibə elan etmədiyi və ya İrana qarşı hərbi güc tətbiqinə ayrıca icazə vermədiyi təqdirdə, prezidentdən ABŞ Silahlı Qüvvələrini İranla hərbi qarşıdurmalardan geri çəkməsi tələb olunur.
Bildirilir ki, Senat sənədi dəstəkləsə belə, qətnamə qanun qüvvəsinə malik deyil və imza və ya veto üçün prezidentə təqdim olunmur.
Bu, İranla müharibə başlayandan bəri Trampın hərbi səlahiyyətlərini məhdudlaşdırmağa yönəlmiş dördüncü təşəbbüs hesab olunur. Əvvəlki üç cəhd uğursuz nəticələnmişdi.
Aytac,
Sitat.info