Nepalda sel fəlakəti: Ölənlərin sayı 469-a çatıb
Nepalda baş verən dağıdıcı sel fəlakətində ölənlərin sayı 469-a yüksəlib. Axtarış-xilasetmə qrupları fəlakətdən zərər çəkən ərazilərdə sağ qalanları tapmaq üçün çalışarkən, ölkənin şimal bölgələri üçün yeni sel xəbərdarlıqları verilib.
Trişuli bölgəsində yollar palçıqla örtülüb, çox sayda avtomobil yarısına qədər palçığa batıb. Təhlükəsizlik qüvvələri çay yataqlarına yaxın və təhlükəli ərazilərə girişi barrikadalarla bağlayıb.
Nepal hakimiyyəti hadisəni 2015-ci il zəlzələsindən sonra ölkənin üzləşdiyi ən ağır təbii fəlakət kimi qiymətləndirib. Mütəxəssislər qəfil baş verən selə buzlağın çökməsinin səbəb ola biləcəyini bildirirlər.
Helikopterlərin də cəlb olunduğu xilasetmə işləri zamanı yüzlərlə insan xilas edilib. Trişulidə bir tuneldə ilişib qalan 450 nəfərin böyük hissəsinin təxliyə edildiyi bildirilir.
İnfrastruktur çöküb, iqtisadiyyata ağır zərbə dəyib
Fəlakət təkcə humanitar böhran yaratmayıb, həm də mart ayında vəzifəyə başlayan Baş nazir Balendra Şah hökumətini və ölkə iqtisadiyyatını çətin vəziyyətə salıb.
Milli Fəlakət Risklərinin Azaldılması və İdarəetmə İdarəsinin məlumatına görə, sel nəticəsində 80 körpü dağılıb, 40 kilometr asfalt yol ciddi zərər görüb.
Dağıntıların Nepalın Çin sərhədində yerləşən bölgədə baş verməsi ölkənin ikinci ən böyük ticarət tərəfdaşı ilə mal dövriyyəsini demək olar ki, tam dayandırıb.
Xarici yardımlardan və idxaldan asılı olan Nepal iqtisadiyyatında təchizat zəncirinin pozulmasının ciddi problemlər yaradacağı bildirilir.
Nigar,
Sitat.info