Qarabağda açılan iş yerlərinin sayı sürətlə artır

15:25 26 Mart 2026

2025-ci ildə Qarabağ iqtisadi rayonunda iqtisadi aktivlik davam edib, yeni müəssisələrin yaradılması və məşğulluğun artırılması istiqamətində mühüm göstəricilər qeydə alınıb.

Sitat.info-nunDövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, il ərzində bölgədə ümumilikdə 270 yeni müəssisə və təşkilat yaradılıb.

Yeni yaradılan müəssisələrin sayına görə liderlər sırasında Xankəndi şəhəri və Bərdə rayonu (hər biri 60) yer alıb. Onları Ağdam rayonu (33) və Füzuli rayonu (30) izləyir. Ən az müəssisə isə Ağdərə rayonunda (4) qeydə alınıb. Şuşa (9) və Xocavənd (11) rayonları da aşağı göstəricilərlə diqqət çəkir.

Eyni zamanda, Qarabağ iqtisadi rayonunda yeni açılmış iş yerlərinin sayı 2025-ci ildə 2361 olub. Bu göstərici 2024-cü illə müqayisədə artıb. Belə ki, həmin il açılan iş yerlərinin ümumi sayı 2266 idi.

Ən çox yeni iş yeri Tərtər rayonunda (533) və Bərdə rayonunda (466) yaradılıb. Xankəndidə isə 577 yeni iş yeri açılsa da, bu göstərici əvvəlki illə müqayisədə azalma ilə müşahidə olunur. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə Xankəndidə 702 iş yeri açılıb.

Orta səviyyəli göstəricilər Ağdam (187), Füzuli (143) və Xocalı (132) rayonlarında qeydə alınıb. Ən az iş yeri isə Ağdərə rayonunda (61) yaradılıb.

Şuşa rayonunda isə 2024-cü illə müqayisədə iş yerlərinin açılmasında azalma müşahidə olunub . Belə ki, mədəniyyət paytaxtında yeni iş yerlərinin sayı 352-dən 85-ə düşüb. Bunun əksinə olaraq, Bərdə və Tərtər rayonlarında əhəmiyyətli artım qeydə alınıb.

Bərdədə 2024-cü ildə açılan iş yerlərinin sayı 118 idisə, bu ötən il 466-a qalxıb. Eyni göstərici Tərtər üçün 401 və 533-dür. 



Xəbər xətti