Xırdalan-Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? - Açıqlama
“Xırdalandan Bakıya hərəkət edən qatarlar əvvəl 26 dəqiqəyə çatırdısa, sabahdan 45 dəqiqəyə çatacaq”.
Bu barədə Sitat.info-ya həmin qatarlardan mütəmadi istifadə edən sərnişinlər bildiriblər.
Onların sözlərinə görə, sərnişinlərə müddətin hansı səbəbdən iki dəfəyədək uzadılacağı ilə bağlı məlumat verilməyib.
Dəyişikliyin nə ilə bağlı olduğunu dəqiqləşdirmək üçün ADY-yə ünvanladığımız sorğuya belə cavab aldıq:
“Xırdalan-Biləcəri mənzilində yerləşən metal körpünün sökülərək yenidən tikintisi məqsədilə cüt yolun bağlanması ilə əlaqədar 25 avqustdan Bakı-Xırdalan-Bakı və Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən şəhərətrafı qatarlar müvəqqəti olaraq yenilənmiş cədvəllə hərəkət edəcəklər. Bu səbəbdən, Xırdalan-Bakı istiqamətində səfər müddəti 45 dəqiqə təşkil edəcək. Bakı-Xırdalan istiqaməti üzrə isə səfər müddəti əvvəlki qaydada 26 dəqiqə təşkil edəcək”.
Açıqlamada qeyd olunub ki, bu dəyişiklik müvəqqətidir. Təmir işləri bitdikdən sonra Xırdalan-Sumqayıt xətti üzrə də sərnişindaşıma bərpa ediləcək.
Yenilənmiş hərəkət cədvəli ilə bu keçid vasitəsilə tanış ola bilərsiniz: https://ticket.ady.az/storage/pages/3266/sayt-ucun.pdf