Türkiyə Qəzzaya əsgər yollayır? - Ərdoğan açıqladı

16:30 13 Dekabr 2025

Hazırda Türkiyə Respublikasının Qəzza sektoruna xarici sabitləşdirici qüvvələrin müzakirə olunan missiyasında iştirak etmək üçün hərbi kontingent göndərməsinə dair hər hansı müraciət daxil olmayıb.

Sitat.info Modern.az-a  xəbər verir ki, bu barədəTürkmənistandan qayıdarkən onu müşayiət edən jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Bu məsələ ilə bağlı hələlik bizə nə təklif, nə də rəsmi sorğu ünvanlanıb. Bu mövzuda müəyyən görüşlərin keçiriləcəyi ilə bağlı bəzi söz-söhbətlər eşidirik. Əgər bu cür görüşlər sülh naminə təşkil olunarsa, biz istənilən vaxt iştirak etməyə hazırıq”,-deyə Ərdoğan deyib.

Bununla belə, Türkiyə Prezidenti İsrailin Qəzzada atəşkəs rejimini pozmaqda davam etdiyini vurğulayıb:

 “Təəssüf ki, İsrail üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Humanitar yardıma çıxışla bağlı problemlər hələ də qalmaqdadır. İsrailin verdiyi vədlərə əməl etməsi, atəşkəs rejiminə tam şəkildə riayət etməsi və Qəzzada həyatın yenidən normal məcraya qayıtmasına şərait yaratması son dərəcə vacibdir”.

Onun sözlərinə görə, hazırkı mərhələdə Qəzzada yaşayış problemlərinin təcili həlli və əhalinin əsas ehtiyaclarının qarşılanması zəruridir.

“Bunun üçün İsrailin yaratdığı təhlükəsizlik problemləri aradan qaldırılmalıdır. Türkiyə isə heç vaxt üzərinə düşən məsuliyyətdən yayınmayacaq”,-deyə dövlət başçısı əlavə edib.



Xəbər xətti