CHP AKP-dən bu vilayətləri aldı
Türkiyədə keçirilən 31 mart bələdiyyə seçkiləri nəticəsində müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) əlində olan Ankara, İstanbul, İzmir, Antalyanı qorumaqla yanaşı, Bursada da qalib gələrək, Türkiyənin ən böyük 5 vilayətində idarəetməni ələ keçirdi.
Sitat.info xəbər verir ki, bununla da CHP aldığı 37.74 faiz səslə 47 il sonra ilk dəfə bir seçkidən qalib kimi çıxmış oldu. AKP isə qurulduğu 2001-ci ildən bəri 35.5 faiz səslə ilk dəfə ikinci oldu.
Bu seçkidə ikinci ən böyük hadisə isə CHP-nin illər sonra xeyli sayda vilayəti ələ keçirməsidir.
2004-cü ildən bəri AKP tərəfindən idarə edilən Adıyamanda CHP-nin namizədi Əbdürrəhman Tutdərə 49.74 faiz səslə qalib gəldi.
Ən sürpriz nəticələrdən biri də Balıkəsirdə qeydə alınıb. Burada CHP-nin namizədi Əhməd Akın səslərin 51.1 faizi alaraq qalib gəlib. CHP bununla da Balıkəsirdə 1950-ci ildən bəri ilk dəfə qalib olub.
CHP-nin namizədi Əhməd Önal 49.9 faiz səslə Qırıqqalanın bələdiyyə sədri seçilib. Bu, Qırıqqalanın 1989-cu ildə vilayət olmasından bəri CHP-nin ilk qələbəsidir.
Kilisdə də CHP ilk dəfə qalib gəlib. Partiyanın namizədi Hakan Bilecen 41.97 faiz səs alaraq, bələdiyyə sədri seçilib. Xatırladaq ki, 2014-cü ildə CHP bu vilayətdə 3 faiz səs toplamışdı.
AKP-nin ən böyük məğlubiyyətlərindən biri də Bursanı itirməsi oldu. 2004-cü ildən bəri AKP-nin nəzarətində olan vilayət son seçkidə CHP-yə keçdi. CHP-nin namizədi Mustafa Bozbəy 47.6 faiz səs alaraq bələdiyyə sədri seçilib.