Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş

Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
SOSİAL 01 Sentyabr 2026 12:43

“İdman Azərbaycan” və MTV kanalının rəhbəri olmuş əməkdar jurnalist Elsevər Dünyamalıyev dövlət xidmətində vəzifəyə keçmək istəyərkən işə düşüb.

Sitat.info xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Prezidentin Mühafizə İdarəsində İnformasiya xidmətinə şöbə rəisi təyin olunması üçün danışıq apardığı zabit onu aldadıb.

Dünyamalıyevi aldadan isə Хüsusi Dövlət Mühafizə Хidmətində (XDMX) işləmiş Bəşir Bəşirov olub. O, əvvəldən tanıdığı Bəşirovdan təyinatına kömək etməsini istəyib. Bəşir isə bu məsələnin həll edilməsi üçün 185 min manat pul lazım olduğunu deyib. Dünyamalıyev həmin pulu qısa müddətdə ona verib.

Lakin Əməkdar jurnalist nə qədər gözləsə də, heç bir cavab gəlməyib. O, sonradan aldanıldığını bilərək hüquq-mühafizə orqanlarına şikayət edib.

Araşdırma nəticəsində Bəşir Bəşirovun başqa bir neçə nəfərin də pulunu dələduzluqla ələ keçirdiyi üzə çıxıb. Onların da şikayətləri əsasında Bəşirov həbs edilib.

Təqsirləndirilən mayor həbs edildikdən sonra zərərçəkmişlərdən, o cümlədən Elsevər Dünyamalıyevdən aldığı 185 min manatı geri qaytarıb. Tərəflərlə barışıq əldə edildiyi üçün B.Bəşirova cəmi 1 il 6 ay həbs cəzası verilib.

Qeyd edək ki, Elsevər Dünyamalıyev Arif Alışanovun dövründə uzun illər AzTV-də işləyib. O, sədrin müavini və “İdman Azərbaycan” kanalının ilk rəhbəri olub. Alışanovdan sonra kanaldan uzaqlaşdırılan Dünyamalıyev 2024-cü ildə MTV-nin rəhbəri təyin edilib, bir müddət əvvəl həmin vəzifədən də azad edilib.