Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
İyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov rəqəmsal sahədə qanunvericilik üzrə islahatlar barədə Birinci vitse-prezidentə məlumat verib. Şahmar Mövsumov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi rəqəmsal transformasiya ardıcıl şəkildə həyata keçirilir. Dövlətimizin başçısının bu ilin fevralında imzaladığı Fərmanla Rəqəmsal İnkişaf Şurasının yaradıldığını və "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nın təsdiqləndiyini xatırladan Şahmar Mövsumov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Şurada müəyyən edilmiş strateji prioritetlərə və verilmiş tapşırıqlara uyğun olaraq müasir qanunvericilik bazasının formalaşdırılması istiqamətində kompleks islahatların hazırlandığını deyib. Vurğulayıb ki, bu, postsovet məkanında rəqəmsal ekosistemin inkişafı və tənzimlənməsi istiqamətində həyata keçirilən ən əhatəli və fundamental islahat təşəbbüsüdür.
Şahmar Mövsumov islahatın əhatə etdiyi sahələrə toxunaraq bildirib ki, bunlar hüquqi müəyyənliyin təmini, rəqabətqabiliyyətli vergi mühitinin formalaşdırılması, innovasiyaların maliyyələşdirilməsi, elmi-tədqiqat və innovasiya təşviqləri, istedadların cəlb edilməsi, bazara çıxış imkanlarının genişləndirilməsi və kibertəhlükəsizlik sahəsində tənzimləmənin təkmilləşdirilməsidir.
Prezidentin köməkçisi bu islahatların mühüm cəhətlərindən biri kimi onların dünya təcrübəsinə əsaslandığını deyib, dəyişikliklər hazırlanarkən müxtəlif ölkələrin uğurlu modellərinin öyrənildiyini qeyd edib.
Elm və təhsil naziri Emin Əmrullayev ölkədə təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər və gələcək planlar barədə Birinci vitse-prezidentə məlumat verib. Nazir təhsil müəssisələrinin vahid internet şəbəkəsi ilə təminatı, "Rəqəmsal məktəb" layihəsi, təhsil pillələri üzrə məlumatların rəqəmsallaşması, təhsil sənədlərinin elektronlaşdırılması məsələlərinə toxundu, növbəti mərhələ olaraq tədrisin rəqəmsallaşdırılmasının nəzərdə tutulduğunu dedeyib.
Emin Əmrullayev, həmçinin şagirdlərin rəqəmsal bacarıqlarının inkişafı üçün məktəblərdə həyata keçirilən "Rəqəmsal bacarıqlar", "STEAM Azərbaycan" layihələrini qeyd edib, bu istiqamətdə insan kapitalının inkişafının təmin edilməsinin də əsas prioritetlərdən biri olduğunu vurğulayıb.
İclas müzakirələrlə davam etdirilib.