ŞƏT-in 25 trilyon dollarlıq iqtisadi gücü: Azərbaycan üçün hansı imkanlar açılır?

ŞƏT-in 25 trilyon dollarlıq iqtisadi gücü: Azərbaycan üçün hansı imkanlar açılır?
TƏHLİL 31 Avqust 2026 15:45
"Şanxay Əməkdaşlıq Təşkilatı dünyanın aparıcı qurumlarından biridir. Hazırda təşkilatda 10 dövlət üzv olaraq, 2 dövlət müşahidəçi, 15 dövlət isə tərəfdaş dövlət kimi təmsil olunur. Bu da qurumun kifayət qədər böyük coğrafiyanı və əhali sayını əhatə etdiyini göstərir. Eyni zamanda, dünya iqtisadiyyatının 24%-i Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin payına düşür ki, bu da təxminən 25 trilyon dollar ümumi daxili məhsul deməkdir. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə tərəfdaşlığı 25 trilyon dollarlıq iqtisadiyyata malik olan bir qurumla əməkdaşlıq kimi xarakterizə olunur".
Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Vüqar Bayramov Prezident İlham  Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısında iştirak üçün Bişkekə səfərini dəyərləndirərkən deyib.  O bildirib ki, eyni zamanda, Azərbaycanın xarici ticarət dövriyyəsində ən böyük 4 tərəfdaşından üçü bu təşkilatda təmsil olunur: "Onlardan ikisi üzv, biri isə tərəfdaş dövlət kimi həmin qurumda yer alır. Bu da Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə dərin ticarət və iqtisadi əlaqələrə malik olduğundan xəbər verir. Təbii ki, cənab Prezidentin zirvə görüşündə iştirak etməsi və müzakirə edilən məsələlər Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan bir sıra ölkələrlə iqtisadi əlaqələrini daha da gücləndirəcək. Nəzərə alaq ki, bu, təşkilatın 25 illiyinə həsr olunmuş tədbirdir, 17 dövlət rəhbərinin təşkilatın zirvə toplantısında iştirak edəcəyi gözlənilir. Bu baxımdan kifayət qədər böyük və nüfuzlu tədbirdir". V.Bayramov bu əməkdaşlığın ölkəmiz üçün iqtisadi faydalarından danışıb: "Görüşlər və müzakirələr Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə münasibətlərinə birbaşa təsir göstərəcək, həm sərmayənin cəlb edilməsi, həm də ticarət dövriyyəsinin artırılması baxımından mühüm imkandır. Şübhəsiz ki, Şanxay Əməkdaşlıq Təşkilatı ilə tərəfdaşlıqla yanaşı, Azərbaycan Amerika Birləşmiş Ştatları daxil olmaqla Qərb ölkələri ilə də əməkdaşlığa üstünlük verir. Xüsusilə də Birləşmiş Ştatlarla tərəfdaşlığın güclənməsi müşahidə olunmaqdadır ki, bu da Azərbaycanın çoxvektorlu xarici siyasət yürütdüyünü göstərir.

Digər XƏBƏRLƏR