Şərqdən Qərbə yeni bağlantı: Azərbaycan ŞƏT ilə əməkdaşlıqdan necə yararlana bilər?
Bu sözləri siyasi şərhçi Tural İsmayılov Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etmək üçün Qırğızıstana səfərini dəyərləndirərkən deyib.
O bildirib ki, Azərbaycan üçün əsas üstünlüklərdən biri Orta Dəhlizin inkişafıdır: "Bu marşrutun effektivliyi yalnız Azərbaycan, Gürcüstan və Türkiyənin imkanlarından asılı deyil. Dəhlizin davamlı işləməsi üçün Mərkəzi Asiya və Çin istiqamətindən kifayət qədər yük axınının formalaşması lazımdır. ŞƏT çərçivəsində yaranan siyasi və iqtisadi dialoq Azərbaycanın məhz bu yük bazarları ilə əlaqələrini genişləndirməsinə şərait yaradır. Nəticədə Azərbaycan tranzit ölkədən regional logistika mərkəzinə çevrilmək imkanını möhkəmləndirir.
Burada söhbət yalnız dəmir yolu və avtomobil yollarından getmir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası, dəmir yolu infrastrukturu və Xəzər üzərindən daşımalar birlikdə Azərbaycanın əlavə dəyər yaradan logistika mərkəzinə çevrilməsinə imkan verir. Yəni gələcəkdə məqsəd yalnız yükün Azərbaycan ərazisindən keçməsi deyil, onun burada saxlanılması, çeşidlənməsi, emal olunması və digər bazarlara yönləndirilməsidir. Bu isə tranzit gəlirlərinin və qeyri-neft sektorunun inkişafının artırılması deməkdir".
T.İsmayılov bildirib ki, Çinlə əməkdaşlıq ayrıca strateji əhəmiyyət daşıyır: "Çin qlobal ticarətin ən böyük mərkəzlərindən biridir və onun Avropa ilə əlaqələrinin alternativ marşrutlara ehtiyacı getdikcə artır. Azərbaycan öz nəqliyyat imkanlarını gücləndirməklə Çin şirkətləri üçün Avropa bazarlarına çıxış nöqtəsinə çevrilə bilər. Bununla paralel olaraq Çin kapitalının logistika, enerji, sənaye, rəqəmsal texnologiyalar və infrastruktur layihələrinə cəlb edilməsi üçün imkanlar genişlənir".
Ekspert hesab edir ki, Mərkəzi Asiya ilə iqtisadi əlaqələrin dərinləşməsi də Azərbaycanın strateji maraqlarına tam uyğundur: " Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanın dünya bazarlarına çıxışında Xəzər və Azərbaycan marşrutu getdikcə daha mühüm əhəmiyyət qazanır. Bu münasibətlərin inkişafı Azərbaycanın Mərkəzi Asiya üçün Avropaya açılan qapı, Avropa üçün isə Mərkəzi Asiyaya çıxış platforması rolunu möhkəmləndirir.
Digər mühüm istiqamət Şimal-Cənub Nəqliyyat Dəhlizidir. Azərbaycan həm Orta Dəhliz, həm də Şimal-Cənub marşrutunda iştirak etməklə özünü yalnız Şərqlə Qərbi birləşdirən deyil, eyni zamanda Şimalla Cənubu əlaqələndirən mühüm logistika qovşağına çevirə bilər. Bu iki marşrutun Azərbaycan ərazisində kəsişməsi ölkənin geoiqtisadi əhəmiyyətini daha da artırır. Enerji sahəsində də imkanlar kifayət qədər genişdir. Azərbaycan ənənəvi neft-qaz ixracatçısı olmaqla yanaşı, Xəzərin külək enerjisi potensialından istifadə etməklə bərpa olunan enerjinin istehsalını və ixracını artırmağa çalışır. ŞƏT məkanında yerləşən böyük enerji istehsalçıları və istehlakçıları ilə dialoq Azərbaycanın enerji diplomatiyasının coğrafiyasını genişləndirə bilər. İqtisadi üstünlüklərlə yanaşı, turizm, təhsil, elm, rəqəmsal texnologiyalar və humanitar əlaqələr də xüsusi əhəmiyyət daşıyır. Çin və Mərkəzi Asiya ölkələrindən Azərbaycana turist axınının artırılması, tələbə və alim mübadilələrinin genişləndirilməsi, texnologiya və innovasiya sahəsində əməkdaşlıq uzunmüddətli nəticələr yarada bilər".
T.İsmayılovun sözlərinə görə, Təhlükəsizlik istiqaməti də diqqətdən kənarda qalmamalıdır: "Terrorizm, transmilli cinayətkarlıq, narkotik qaçaqmalçılığı və kibertəhlükəsizlik kimi məsələlər üzrə əməkdaşlıq Azərbaycanın regional təhlükəsizlik maraqları ilə uzlaşır. Xüsusilə yeni nəqliyyat dəhlizlərinin inkişaf etdiyi bir şəraitdə marşrutların təhlükəsizliyi birbaşa iqtisadi məsələyə çevrilir. Politoloq kimi hesab edirəm ki, Azərbaycanın ŞƏT ilə əməkdaşlığının ən böyük üstünlüyü təşkilatın özündən daha geniş bir geosiyasi imkan yaratmasıdır. Azərbaycan Çin üçün Avropaya çıxış, Mərkəzi Asiya üçün Qərbə bağlantı, Avropa üçün isə Asiya bazarlarına alternativ nəqliyyat xətti rolunu gücləndirə bilər. Bu baxımdan Azərbaycanın əsas kapitalı yalnız enerji resursları deyil, onun coğrafi mövqeyidir".
Əsl strateji məsələ həmin coğrafiyanı iqtisadi üstünlüyə çevirməkdir. Əgər Azərbaycan Orta Dəhliz, Şimal-Cənub, Xəzər nəqliyyatı, enerji, logistika və rəqəmsal bağlantıları vahid strategiyada birləşdirə bilsə, ŞƏT məkanı ilə əməkdaşlıq ölkəyə yeni bazarlar, investisiyalar, tranzit gəlirləri və siyasi manevr imkanları qazandıra bilər. Başqa sözlə, Azərbaycan böyük güclərin rəqabət meydanında tərəf olmaqdan daha çox, onların iqtisadi maraqlarının kəsişdiyi əsas bağlantı nöqtələrindən birinə çevrilmək imkanına malikdir. Geosiyasətdə bu, kifayət qədər ciddi üstünlükdür".
Nigar,
Sitat.info