Trampın ən böyük “qumarı”: Dünyanı fəlakətə sürükləyə bilər...

10:41 2 Aprel 2026

ABŞ prezidenti Donald Trampın İranın uran ehtiyatlarına qarşı quru əməliyyatı planlaşdırdığı iddia olunur. Bu mümkün addım artıq beynəlxalq mediada “tarixin ən böyük qumarı” və “İkinci Dünya Müharibəsindən bu yana ən riskli hərbi təşəbbüslərdən biri” kimi qiymətləndirilir.

Sitat.info xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinın məlumatlarına görə, İran nüvə obyektlərinə hava hücumları başlamazdan əvvəl təxminən 440 kiloqram yüksək zənginləşdirilmiş urana malik idi. Bu miqdar 90 faiz silah səviyyəsinə çatdırıldığı halda təxminən 10 nüvə bombası hazırlamaq üçün kifayət edir. Peyk görüntüləri göstərir ki, ötən il baş verən hücumlara baxmayaraq, bu ehtiyatlar İsfahan yaxınlığında yerləşən dərin yeraltı tunellərə daşınaraq qorunub.

Analitiklərin fikrincə, Tramp bu riskli əməliyyatı müharibəni bitirmək və qəti qələbə elan etmək üçün çıxış yolu kimi görür. Lakin təhlükəsizlik mütəxəssisləri xəbərdarlıq edir ki, belə bir missiya xüsusi təyinatlı qüvvələrin gizli əməliyyatı ilə həyata keçirilə biləcək qədər sadə deyil.

Məlumatlara əsasən, uranın yerini müəyyənləşdirmək, ərazini nəzarətə götürmək və tunelləri qazmaq üçün minlərlə hərbçinin günlərlə, hətta həftələrlə bölgədə qalması tələb oluna bilər. Bundan əlavə, “uranyum heksaflorid” qazının son dərəcə zəhərli və uçucu olması riski daha da artırır. Döyüş zamanı konteynerlərin zədələnməsi həm hərbçilər, həm də mülki əhali üçün radiasiya fəlakəti yarada bilər.

Ekspertlər bildirir ki, belə bir quru əməliyyatı hər iki tərəfdə ciddi insan itkilərinə səbəb ola bilər. Hətta əməliyyat uğurla nəticələnsə belə, İranın texnoloji bilikləri və aşağı səviyyəli digər ehtiyatları səbəbindən nüvə təhlükəsinin tam aradan qalxmayacağı vurğulanır.

Yaxın Şərqdəki mövcud gərginliyi geri dönülməz həddə çatdıra biləcək bu plan həm hərbi, həm də ekoloji baxımdan tarixin ən riskli addımlarından biri kimi qiymətləndirilir.

Nigar,

Sitat.info



Xəbər xətti