Nəzakət Teymurovanın solo konserti olacaq

16:11 2 İyun 2026

Azərbaycanın tanınmış muğam ifaçısı, Xalq artisti Nəzakət Teymurovanın solo konserti olacaq. Konsert iyunun 11-də saat 20:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq. 

 Musiqi gecəsində sənətkar sevilən xalq mahnıları və təsniflərdən ibarət xüsusi proqramla tamaşaçılar qarşısına çıxacaq.

Konsertdə ifaçını Bakı Dövlət Kamera Orkestri müşayiət edəcək. Orkestrə Azərbaycan Respublikasının Əməkdar artisti, dirijor Fuad İbrahimov rəhbərlik edəcək.

Gecədə həmçinin Əməkdar artist Əliağa Sədiyevin bədii rəhbəri olduğu “Xarıbülbül” muğam qrupu iştirak edəcək. Proqramda Azərbaycanın tanınmış musiqiçiləri - Xəyyam Məmmədov, Şirzad Fətəliyev, Çinarə Heydərova, Kamran Kərimov, Qalib Həşimov, Eyyaz Həşimov, Hüsaməddin Qızılov və Prezident təqaüdçüsü, pianoçu Cəmil Sadızadə çıxış edəcəklər.

Konsert proqramında səslənəcək xalq mahnıları və təsniflərin orkestr üçün işlənməsi bəstəkar Ceyhun Allahverdiyevə məxsusdur. Muğam sənətinin incəliklərini simfonik çalarlarla birləşdirən bu layihə milli musiqimizin zəngin irsini yeni təqdimat formasında tamaşaçılara çatdırmağı hədəfləyir.musavat



Xəbər xətti