Azad edilmiş ərazilərdə hər şeyi sıfırdan qururuq.
Sitat.info Oxu.az-a istinadla xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) "Davamlı mənzil və dayanıqlı şəhərlər üçün ən yaxşı həll yollarının axtarışında: Şəhərlərin səsləri" adlı tədbirdə deyib.
O bildirib ki, mənzil yalnız sosial hüquq və ya fiziki sığınacaq deyil:
"Biz eyni zamanda onun iqtisadi fəaliyyətin hərəkətverici qüvvəsi olduğuna inanırıq. Davamlı inkişafı sosial inklüzivlik olmadan təmin etmək tamamilə mümkün deyil. Eyni zamanda biz inanırıq ki, iqtisadi imkanlar olmadan uğurlu köçürmə siyasətini həyata keçirmək də imkansızdır. Bizim yanaşmamız məhz budur və bunu burada qazandığımız təcrübə əsasında izah etmək istəyirəm. Postmünaqişə şəraitində mənzil təminatı çox vaxt insanların geri qayıdışının ilk görünən əlaməti və əhali arasında etimadın bərpasının əsasını təşkil edir. Dediyim kimi, biz hər şeyi sıfırdan qurduğumuz üçün şəhərlər, kəndlər və ağıllı kəndlər inşa edirik və onların hər biri həm sosial, həm də iqtisadi dəyər daşıyır".
V.Hacıyev vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə yollar, əsas magistrallar çəkilir:
"Bununla yanaşı, həmin kəndlərdə təhsil müəssisələrinin, səhiyyə obyektlərinin yaradılmasına, keyfiyyətli xidmətlərə çıxışın təmin olunmasına və bununla bağlı bütün məsələlərə xüsusi diqqət yetiririk. İqlim imkanlarından maksimum istifadə etməyə çalışırıq. Evlərin damlarına günəş panelləri quraşdırılır ki, bu da orada yaşayacaq insanların kommunal xərclərini əhəmiyyətli dərəcədə azaldır. Eyni zamanda kəndlərdə xüsusi velosiped yolları salınır ki, insanlar məktəbə və digər məntəqələrə rahat şəkildə gedə bilsinlər".