Livan Prezidenti: Atəşkəs danışıqların başlanması üçün əsas şərtdir

17:24 27 Aprel 2026

Livan Prezidenti Cozef Aun İsrail ilə davam edən proses fonunda atəşkəsin "ilk və zəruri addım” olduğunu bəyan edib və bunun ölkəsinin rəsmi mövqeyi olduğunu vurğulayıb.
 
Sitat.info xarici mətbuata istinadən xəbər verir ki, Livan Prezidentliyinin açıqlamasına əsasən, Aun ölkənin cənubundakı Nəbatiyyə bölgəsinin Hasbaya şəhərindən və Hermon dağına (Cəbəl Şeyx) yaxın yerləşən Ərkub bölgəsindən nümayəndə heyətini qəbul edib.
 
Görüş zamanı çıxış edən Prezident bildirib ki, Livan tərəfi atəşkəsin danışıqlar üçün ilkin şərt olduğunu ABŞ-yə əvvəlcədən çatdırıb. Onun sözlərinə görə, bu mövqe 14 və 23 aprel tarixlərində səfirlər səviyyəsində keçirilən görüşlərdə də təkrarlanıb.
 
Aun qeyd edib ki, ABŞ Dövlət Departamenti ilk görüşdən sonra verdiyi açıqlamada İsrailin Livana qarşı quru, dəniz və ya hava hücumları etməyəcəyini açıq şəkildə ifadə edib.
 
Sonda Prezident vurğulayıb ki, bu yanaşma Livan dövlətinin rəsmi mövqeyidir və fərqli qiymətləndirmələr onlar üçün məcburi deyil.
 



Xəbər xətti