"Azərbaycan Dəmir Yolları Agentliyi pandemiyadan əvvəl fəaliyyət göstərən stansiyaların fəaliyyətinin bərpasını mərhələli şəkildə davam etdirir. Burada məqsəd sərnişinlər üçün bölgələrə səfər zamanı əlçatanlığın təmin edilməsi və müştəri məmnuniyyətidir. Bununla bağlı 18 aprel tarixindən sərnişinlərimiz artıq Kürdəmir stansiyasından da istifadə edə biləcək".
Bu sözləri Sitat.info-ya açıqlamasında ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.
O bildirib ki, sərnişinlər Kürdəmirə gəlmək üçün gündəlik olaraq Bakı–Qazax–Bakı (4 reys), Bakı–Balakən–Bakı (2 reys), Bakı–Ağdam–Bakı, eləcə də həftəsonları və bayram günləri təyin olunan Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlardan da istifadə edə bilərlər: "Kürdəmir stansiyası əsaslı təmir olunub, gözləmə zalı sərnişinlərin istifadəsinə verilib. Kürdəmir stansiyasının açılması ilə ətrafda olan 300 minə yaxın əhalinin Azərbaycan Dəmir Yollarının qatarlarından istifadə etməsi üçün imkan yaradılıb".
Daha ətraflı videodan izləyə bilərsiniz:
Məğrur Salmanov,
Sitat.info