"Uşaq futbolunun inkişafı məktəbdən və məhəllədən başlayır"- Ceyhun Sultanov
Futbol təkcə bir oyun deyil, uşaqlar və yeniyetmələr üçün həm fiziki inkişafın, həm də sosial bacarıqların formalaşmasında mühüm vasitədir. Azərbaycanda da futbol sevgisi erkən yaşlardan başlayır. Bəs, bu sevginin sağlam şəkildə formalaşmasında hansı ünsürlər əsasdır? Bu sahədə hansı addımlar atılmalıdır?

C.Sultanov bildirib ki, bu məsələdə uşağın istəyi və həvəsi önəmlidir: "Bilirsiniz, uşağın idmana gətirilməsində ailənin təsiri hardasa var. Bir tərəfdən də düşünməliyik ki, uşağın hansı idman növünə istəyi var. Biz bu gün hansısa bir şahmat oynayan uşağı gətirib futbol oynada bilmərik. Ona görə valideyn uşağın istəyinə uyğun olaraq onu yönəltməlidir və ona dəstək verməlidir".
Ekspertin sözlərinə görə, uşaqların rahat oynaması üçün yaşayış yerlərinin həyətlərində boş ərazi tapmaq çətindir: "Uşaq futboluna marağın artırılması ilk olaraq həyətdən başlayır. Yaşadıqları ərazilərdə meydançalar olmalıdır, məhəllədə futbol oynamalıdırlar. Bununla yanaşı idman dərslərinə çox diqqət ayırılmalıdır. Bu hamısı zəncirvaridir. Bunları etməyənə qədər biz heç bir uşağı götürüb yetişdirə bilmərik. Uşağın futbol oynamağı bələkdən olmur ki... Uşaq böyüyə-böyüyə futbol oynamalıdır. Əgər bu gün küçələrdə meydançalar yoxdursa, deməli bunu artırmalıyıq. Əvvəllərlə indikinin arasında çox böyük fərq var. Əvvəllər hamı meydançalarda oynayırdı, bu gün isə o yoxdur. Ona görə bütün məhəllələrdə meydançalar salınmalıdır. İdman dərslərinə fikir verilməlidir. Məktəblərarası çempionatlar olmalıdır. Bunlar hamısı önəm daşıyır".
Əlisahib İbrahimli,
Sitat.info