Universitet və kolleclərə sənəd qəbulu başladı

Universitet və kolleclərə sənəd qəbulu başladı
TƏHSİL 01 Mart 2024 11:36

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlanıb.

Bu barədə Sitat.info-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı əri­zələrin qəbulu iki mərhələdə (yalnız V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün bir mərhələdə) olmaqla internet vasitəsilə aparılır.

Ərizə qəbulunun birinci mərhələsi martın 1-dən 15-dək həyata keçirilir. Bu mərhələdə ali təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar), onun istifadəçi adı və parolundan istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Orta ümumtəhsil müəssisələrinin XI sinfini cari ildə bitirən və buraxılış imtahanında verdikləri xarici dildən fərqli bir xarici dil üzrə imtahan vermək istəyən, həmçinin ali təhsil müəssisələrinə qəbul imtahanını orta məktəbdə təhsil aldığı dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları da martın 15-dək ərizələrinə daxil olub müvafiq seçimlərini etməli və 14 aprel tarixində keçiriləcək əlavə imtahanda iştirak etməlidirlər. Bundan əlavə, Azərbaycan və rus dilləri istisna olmaqla tədris digər dillərdə aparılan məktəblərdə təhsil alan və ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək istəyən cari ilin məzunları da martın 15-dək ərizələrinə daxil olub müvafiq seçimlərini etməli və 14 aprel tarixində keçiriləcək əlavə imtahanda iştirak etməlidirlər.

Keçən il qəbul imtahanının I mərhələsində (buraxılış imtahanlarında) iştirak edən abituriyent öz istəyindən asılı olaraq cari ildə keçirilən qəbul imtahanının I mərhələsində iştirak edə və ya etməyə bilər. İştirak etmədiyi halda abituriyentin qəbul imtahanının I mərhələsindəki nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür və bu zaman həmin abituriyent üçün ərizənin təsdiqi ödənişsiz olur. Qeyd edək ki, hər iki halda abituriyent müəyyən olunmuş vaxtda elektron ərizəsində müvafiq seçimi etməlidir.

V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) də martın 1-dən 15-dək qeydiyyatdan keçməlidirlər.