Laçın dəhlizinin bağlanması qaçılmazdır: "Elə məqam seçməliyik ki..."
Azərbaycan və Ermənistan liderləri arasında aparılan danışıqlar Qarabağdakı vəziyyətin stabilləşməsi baxımından faydalı qiymətləndirilsə də, bir çox problemlər hələ də həllini tapmır.
Belə olan halda Laçın dəhlizi daha nə qədər açıq qalacaq?
Bu sualla bağlı SİTAT.İNFO-ya açıqlama verən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, Laçın dəhlizi regionun "Axilles dabanı" olaraq qalır:

"Danışıqlar gedir, etirazlar bildirilir, amma hələ də nəticəsi yoxdur. Hər kəs üçün aydındır ki, Laçın dəhlizi ermənilər və ruslar üçün təxribat mənbəyidir. Ora bağlanarsa , onların oyun və təxribatlarına imkan qalmayacaq. Ona görə də bu dəhlizdən bərk yapışıblar".
A.Nağı onu da vurğuladı ki, Azərbaycanda hər kəs bu dəhlizin bağlanmasının və ya bizim nəzarətimizə keçməsinin vacibliyini bilir: " Görünür hakimiyyət də bunu bilir ,və bu istiqamətdə addım atmaq üçün uyğun məqam gözləyir".
QAT sədrinin sözlərinə görə, əgər belə bir addım atılsa, ən böyük reaksiya gözlənildiyi kimi Rusiyadan gələcək: "Amma Qərb də erməniləri müdafiə etmək üçün fürsəti əldən verməyəcək. Ona görə də bu addımı atmaq üçün uyğun və əlverişli vaxt seçilməlidir. Elə məqam seçməliyik ki, etiraz etməyə, reaksiya verməyə heç kəsin imkanı olmasın".
Nərgiz,
SİTAT.İNFO