Rusiya Çindən təhlükəli asılılığı: "Moskva gələcəyini girov qoyur"
NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Rusiya siyasi baxımdan təkcə Ukraynada deyil, həm də Qafqaz və Mərkəzi Asiyada öz təsirini itirir. Getdikcə Çindən asılı vəziyyətə düşür. Moskva hər il öz gələcəyini Pekinə girov qoyur"
“Ukrayna irəliləyərkən Rusiya geridə qaldı. İndi siyasi, hərbi və iqtisadi baxımdan daha zəifdir. Siyasi baxımdan Rusiya təkcə Ukraynada deyil, həm də Qafqazda və Mərkəzi Asiyada öz təsirini itirir. Rusiya getdikcə Çindən asılı vəziyyətə düşür. Hər il Moskva öz gələcəyini Pekinə girov qoyur. Hərbi cəhətdən Rusiya adi qüvvələrinin əhəmiyyətli bir hissəsini itirdi. Yüzlərlə təyyarə, minlərlə tank və 300 mindən çox insan itkisi var" - Stoltenberq deyib.
Rusiyanın da iqtisadi təzyiq altında olduğunu vurğulayan Stoltenberq əlavə edib: “Neft və qaz gəlirləri azalır. Rusiya banklarının aktivlərinə qarşı sanksiyalar tətbiq edilir. Mindən çox xarici şirkət ölkədə fəaliyyətini dayandırıb və ya azaldıb. Ötən il Rusiyanı 1,3 milyon insan tərk edib. Bütün bunlar Putinin Ukraynaya təcavüzü ilə bağlı strateji səhvini ortaya qoyur.
Rusiyanın Ukraynadakı hədəfləri dəyişməyib. Rusiya qış mövsümündən əvvəl böyük bir raket ehtiyatı yaratdı. Biz Ukraynanın elektrik şəbəkəsinə və enerji infrastrukturuna yeni hücum cəhdlərini görürük. Biz Ukraynanı qaranlıqda görmək istəmirik, amma Rusiya Kiyevi soyuğa təslim etməyə çalışır".
NATO-nun hərtərəfli yardım paketini çoxillik yardım proqramına çevirdiklərini deyən Stoltenberq bildirib ki, bu, Ukraynanın sovet dövründən imtina edib, NATO avadanlıq və standartlarına keçməsinə kömək edəcək".
Ukraynanın üzvlük prosesi də müzakirə edilib. NATO-nun baş katibi deyib ki, müttəfiqlər Ukraynanın NATO-ya üzv olmasına razıdırlar: "Biz Ukraynanın korrupsiyaya qarşı mübarizə, qanunun aliliyinin gücləndirilməsi, insan haqları və azlıqların hüquqlarının dəstəklənməsi kimi prioritet islahatları ilə bağlı tövsiyələr verdik. Ukrayna NATO-ya əvvəlkindən daha yaxındır. Biz onları üzvlük yolunda dəstəkləməyə davam edəcəyik. Biz Ukraynanın azadlıq mübarizəsini dəstəkləməyə davam edəcəyik".
Məğrur,
Sitat.info