Bulvar İdarəsindən vətəndaşlara problem yaradan skuterlərlə bağlı açıqlama
"Orada qadağanedici nişanlar var və kifayət qədərdir. Yəni insanların görə bilməsi üçün hər yerdə, addımbaşı qadağanedici nişanlar qoyulub. Sürət həddi müəyyənləşib, eyni zamanda Dəniz kənarı Bulvar İdarəsinin təhlükəsizlik xidmətinin əməkdaşları mütamadi olaraq, skuter həvəskarlarına təlimatlar verirlər ki, hansı yoldan sürmək olar, hansından isə olmaz. Dəniz kənarı zolaq, bir mənalı olaraq, insanların sırf gediş-gəliş yeri olduğu üçün bağlıdır. Yəni skuteri dəniz kənarı zolaqda sürmək olmaz. Sadəcə gərək skuter həvəskarları özləri də məsuliyyətli olub, bu qaydalara riayət etsinlər ki, narazılıqlar yaranmasın. Bu narazılıqların yaranması, skuter həvəskarlarının bu qaydaları pozması, Dəniz kənarı Bulvar İdarəsinin işinə də çətinlik törədir. Bizim təhlükəsizlik xidmətinin əməkdaşları dəfələrlə onlara xəbərdarlıq edəndə, bəzən xoşa gəlməz hallar da yaşanır. Sadəcə idarənin səlahiyyəti nəyə yol verirsə, bütün addımları atıb."
Sitat.info xəbər verir ki, bu sözləri Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva deyib.
Ə. Mehdiyeva bildirdi ki, bulvarda icarəyə verilən skuterlərdə bu problemlər yaşanmır, yalnız kənardan özləri ilə gətirilən skuterlərdə bu problemlərə rast gəlinir: "Qanuni şəkildə icarəyə verilən skuterlerdə bu problem olmur. Çünki, o skuterlerde xüsusi tətbiq var. Otl tətbiq sahəsində sürət həddini aşmaq mümkün deyil. Eyni zamanda marşrut xətti də müəyyənləşib. İstəsən belə digər marşrutdan istifadə edə bilməzsən. Amma bu problemlər küçə ticarəti ilə məşğul olanların, bulvar ərazisində qanunsuz olaraq, icarə verdiyi halda baş verir. Və yaxudda kimlərsə skuterleri hardansa icarəyə götürüb, bulvar ərazisinə gətirib. Belə hallarda tərəfimizdən həmin skuterler aşkarlanır və o kəslərə qarşı müvafiq ölçü götürülür. Amma o problem bulvarda icarəyə verilən skuterlerdə yaşanmır.
Biz buradan bir daha skuter həvəskarlarına səslənirik və idarəmiz, vətəndaşlarımız, bulvarda istirahət edən şəxslər adından çox xahiş edirik ki, qaydalara tabe olsunlar ki, belə narazılıqlar yaranmasın"
Məğrur Salmanov,
Sitat.info