Ağsuda taxıl sahəsini qəsdən yandıran şəxs tapıldı

Ağsuda taxıl sahəsini qəsdən yandıran şəxs tapıldı
Gündəm 16 Avqust 2023 15:35

Ağsuda biçilmiş taxıl sahəsinin qəsdən yandırıldığı müəyyənləşib.

Sitat.info xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə Ağsu rayonu, Nuran kəndinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Nəticədə, 5 ha ərazidə biçilmiş taxıl sahəsi, 2 ha ərazidə isə quru ot və kol-kos yanıb, xəsarət alan olmayıb.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub.

Belə ki, Xidmət tərəfindən həyata keçirilən zəruri tədbirlər nəticəsində hadisənin Ağsu rayon, Zərqəva kənd sakini 1973-cü il təvəllüdlü Bəhlul Fəyyaz oğlu Məmmədov tərəfindən törədildiyi müəyyən edilib.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.