Aİ: Vaqnerin üsyanı Rusiyanın gücünün qırıldığını göstərir
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, Vaqner qrupunun Rusiya administrasiyasına qarşı üsyanı Ukraynadakı müharibənin Kremlin gücünü qırdığını və onun siyasi sisteminə təsir etdiyini göstərdi.
Sitat.info xəbər verir ki, Borrell Aİ xarici işlər nazirlərinin Lüksemburq görüşündən əvvəl mətbuata açıqlama verib.
Vaqner qrupunun üsyanını “(Rusiya prezidenti Vladimir) Putinin özünü dişləyən canavar” kimi xarakterizə edən Borrell deyib: “Bu həftə sonu baş verənlər göstərir ki, Ukraynaya qarşı müharibə Rusiyanın gücünü qırıb və onun siyasi sisteminə təsir edib”.
Aİ-nin vəziyyəti yaxından izlədiyini vurğulayan Borrell, bir nüvə dövlətinin siyasi təlatümünün təhlükə yaratdığını və Aİ-nin mümkün ssenarilər üzərində çalışacağını bildirib.
“İndi Ukraynanı həmişəkindən daha çox dəstəkləməyin vaxtıdır”, - Aİ-nin ali nümayəndəsi bildirib.
Seymur Bənnayev
Sitat.info